Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-424/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-823/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən təqdimatla məhkəməyə müraciət edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1043/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yaşayan Borclu1 və Borclu2 Binəqədi Rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu1 və Borclu2 icra sənədində göstərilən tələbin könüllü qaydada təmin edilməsi barədə qərar, bildiriş göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Borcluların yaşadığı ünvana dəfələrlə rəsmi xəbərdarlıq, eləcə də çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, borclu şöbəyə gəlməmiş və tələb borclu tərəfindən təmin edilməmişdir. Borclular məhkəməyə elektron qaydada etiraz ünvanlamışlar.Etiraz onunla əsaslandırılmışdır ki, icra məmuru onu və 1937-ci il təvəllüdlü qoca atasını ağtarmağının və ya onu şöbəyə çağırmağının və bu barədə məhkəməyə müraciət etməsinin əsasını başa düşə bilmir. 1937-ci il təvəllüdlü sağlamlıq vəziyyəti qənaətbəxş olmayan yaşlı bir insanın icra məmurunun arzusu ilə məcburi olaraq şöbəyə aparılması nəticəsində onun sağlamlığına hər hansı təhlükə yarana bilər. İcra hərəkətləri məhkəmə qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 3 A saylı binanın yaxınlığında yerləşən 0.015 ha torpaq sahəsində aparılmalı olduğu halda icra məmurunun onları şöbəyə çağırması əsassızdır. Bundan başqa Borclu2 xx.xx.2022-ci il tarixində Binəqədi rayon icra şəbəsinə məktubla müraciət edərək icra məmurundan icra hərəkətlərinin həyata keçirilməsi üçün dəqiq tarix müəyyən etməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2022-ci ildə o, 5-ci Polis Bölməsinə də ərizə ilə müraciət etmişdir ki, o icra hərəkətlərinin həyata keçirilməsindən yayınmır, sadəcə tələbi odur ki, icra məmuru dəqiq vaxtı müəyyən etsin. İcra məmuru səlahiyyətlərini aşaraq onu şöbəyə çağırması qanunsuzdur. Bu səbəbdən təqdimatı əsassız hesab edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-823/2022 saylı işi üzrə 29 noyabr 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardadda Azərbaycan Respublikası Konstitusiyanın 129; "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70, 84.3, 84.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, borclular icra məmurunun könüllü icra üçün müəyyən etdiyi müddətin keçməsinə baxmayaraq, icra sənədində göstərilən hərəkətləri icra etməmələrini icra məmurunun icra vaxtını dəqiq müəyyən etməməsi ilə əsaslandırırlar. Halbuki borcluların icra hərətlərinin keçirilməsi vaxtı barədə məlumatları olmuş və bir neçə dəfə icra vaxtının təxirə salınmasını xahiş etmişlər. Belə ki, iş materiallarında olan borclular tərəfindən şəxsən imza edilməklə qəbul edilmiş bildirişlərdən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 2620/2020 saylı qətnaməsindən, poçtdan verilən cavab məktubundan, çoxsaylı şikayətlərdən və ərizələrdən görünür ki, borcluların icra hərəkətlərinin keçiriləcəyi vaxt və yer barədə kifayət qədər məlumatları olmuşdur. Bununla belə borcluların bundan sonra da icra vaxtı ilə bağlı mübahisə etmələri hüquqdan sui-istifadədir. Bundan əlavə borcluların icra sənədində göstərilən tələbin bu və ya digər səbəbdən( Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "Azərsu” ASC-nin, Bakı Şəhər İcra Hakimiyyətinin mövqqeyinə görə) icrasının mümkünsüzlüyü barədə formalaşdırmağa çalışdığı qənaət icra məmurunun çağırışına gəlməkdən imtina üçün əsas vermir. Bu səbəbdən də onların hərəkətləri icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınma hesab edilməlidir.Məhkəmə borcluların etirazındakı Borclu1 məcburi gətirilməsinin onun səhhətinə ziyan vurulması ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki qərardadın qanuni qüvvəyə minməsinə qədər borcluların könüllü iradə əsasında icra şöbəsinə getməsi həmin qərardadın məcburi icrasını istisna etdiyindən, bu dəlil də sui-istifadəyə əsas verə bilməz. Borclu2 şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 8(001)-823/2022 saylı qərarı ləğv edilərək, əsassız olduğundan Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin borcluların icra şöbəsinə məcburi gətirilmələri barədə təqdimatının təmin edilməməsini xahiş etmişdir. Şikayətdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.5, 84.2; Mülki Prosessual Məcəllənin 4.1, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, icra məmurunun çağırışına etinasız qalmamışlar və bildiriş alan kimi Bakı şəhərində olmadıqlarından bu barədə Borclu2 rəsmi ərizə ilə Bakı şəhəri Binəqədi Rayon icra şöbəsinə müraciət edərək, gələ bilməməsinin üzrlü sayılması və növbəti icra günü barədə məlumat verilməsi barədə rəsmi ərizə ilə müraciət etmişdir. Buradan da görünür ki, məhkəmənin ədalətsiz olaraq gəldiyi nəticədəki kimi borclunun qəsdən yayınma halı müşahidə edilmir.Belə ki, borclular Borclu1 və Borclu2 İcra məmurunu qanunsuz hərəkətlərindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciətlər etmişlər və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi icra məmurlarının qanunsuz hərəkətləri barədə borcluların şikayəti əsaslı olduğundan görə inzibati xətalara dair qismən təmin etmişdir. Borclular Borclu1 və Borclu2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etdikləri sənədlər, arayış və məktublar, ərizə və müraciətlər məhkəmə tərəfindən ziddiyyətli məqamların olmasına baxmayaraq, Bakı şəhəri Binəqədi Rayon icra şöbəsinin məcburi gətirmə barədə şablon surətdə yazılmış təqdimatı ədalətli və qanuni araşdırma aparılmadan təmin edilmişdir. Bu səbəbdən ziddiyyətli məqamlar aradan qaldırılmalı, borclular barədə çıxarılmış qanunsuz və ədalətsiz qərardad isə ləğv edilməlidir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. “İcra haqqında“ Azərbaycan Respublikası haqqında Qanunun 84-cü maddəsinə əsasən: 84.1. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir; 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur; 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər; 84.4. İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən: 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir;15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir; 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Məhkəmə kollegiyası, “İcra haqqında“ Azərbaycan Respublikası haqqında Qanunun 1-1, 3, 26, 84, 87; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və sübuta yetirilmir, habelə tələbkarın hüquqlarına rəğmən dövlətin adından qəbul edilən qərarın icrasının qəsdinə yönəlmiş prosessual hərəkətlər dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək ərizənin təmin edilməsinə əsas verə bilməz. Qeyd edilməlidir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində icra məmurunun müvafiq qərarı icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş və tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət vermək hüququndan istifadə etməmişlər. Məcburi gətirilmə qərarının mövcudluğu borcluların hər hansı məcburiyyət tədbirinə məruz qalmadan icra sənədi üzrə icranın könüllü həyata keçirilməsinə maneələr yaratmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Borclu2 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 823/2022 saylı işi üzrə 29 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-424/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-424/2022
26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver