Məhkəmə qərarları › İş №8(103)-425/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-425/2020

20.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-425/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-356/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-13487/2017 saylı xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 28.372,68 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar ASC-yə ödənilməsi və tutmanın Borclu mülkiyyətində olan “Kia Sportage” markalı, **-EU-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qeyd edilmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə xx xxxxxxx 2019-cu il tarixli Y-240 nömrəli protokolundan görünür ki, Borclu məxsus “Kia Sportage” markalı, **-EU-*** dövlət qeydiyyat nömrəli avtomobil "X1 Mərkəzi” MMC tərəfindən 21620 manata borclunun özünə, yəni Borclu satılmışdır. Hərrac nəticəsində isə borclunun borcu qismən (12.717,64 ABŞ dolları) ödənilmiş və icra vərəqi üzrə borcdan həmin məbləğ çıxıldıqdan sonra borclunun Banka təqribən 15.657,04 ABŞ dolları borcu qalmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci tarixli, 2(001)-13487/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardan narazıqalan Tələbkar ASC şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borc tam ödənilmədiyindən icra işinə xitam verilə bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-356/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Aqil Cəbiyevin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci tarixli, 2(001)-13487/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın əğv edilməsi və tələbkarın şikayətinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh Borclu 28.372 ABŞ dolları borcun tutulmasını qət etmiş, ikinci abzasda isə sözügedən tutmanın məhz ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini göstərmişdir.Tutma avtomobilə yönəldildikdən sonra açıq hərrac yolu ilə icra edilmişdir. Belə olan halda tutmanın yenidən cavabdehə yönəldilməsi icra vərəqəsində qeyd olunan tələblərdən kənara çıxma hesab olunur. Əgər məhkəmə icra vərəqəsində qeyd etsəydiki “borc tam ödənilməsə, qalıq borc cavabdehdən tutulsun”, bu zaman icra məmurunun xitam qərarı əsassız olardı. Lakin hazırki icra sənədində belə bir hal mövcud deyildir və məhkəmə birmənalı olaraq borcun ipotekaya yönəldilməsini qət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-356/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlə, nümayəndələrinin iştiraklarını təmin etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun20.1.5-ci bəndinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2018-ci ilədək olan redaksiyası) 319.1- 319.5-ci maddələrinə müvafiq olaraq, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında Y-240 saylı protokoldan görünür ki, Borclu oğlunun mülkiyyətində “Kia Sportage” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşın 21620 manat müqabilində satılmışdır. Göründüyü kimi satışdan əldə edilmiş məbləğ borclunun banka olan borcunun ödnilməsinə yönəldilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Beləliklə borclunun icra sənədi üzrə ödənilməmiş borcu qalır. Belə olan halda icra sənədi tam olaraq icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Borclu tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 356/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-356/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar