Məhkəmə qərarları › İş №8(103)-425/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-425/2021

07.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-425/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 8(004)-487/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramov təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2019 saylı, 07.05.2019-cu il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 8(004)-487/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Həmin qərardaddan borclu şikayət verərək, qərardadın ləğv edilməsini, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bundan sonra şikayət baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli məktubu əsasında Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər (267.1). İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər (267.2). Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir (267.3). MPM-nin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (261.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir (269.3). Qanunvericiliyin tələbindən göründüyü kimi, ayrıca akt şəklində qəbul edilmiş məhkəmə qərardadından şikayət verildiyi halda, şikayətə həmin qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 müddətində baxılır, əgər məhkəmə şikayəti əsaslı hesab etməzsə, o zaman şikayəti işlə birlikdə 7 gün müddətində baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərir. Mülki Prosessual Məcəllənin 397.1-ci maddəsinə əsasən bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırki işin hallarından müəyyən edilir ki, şikayət verilmiş qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi, icra məmurunun təqdimatını təmin edərək, borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırsa da, qərardaddan verilmiş şikayətə qanunvericiliyin (MPM 269-cu maddə) tələblərinə əsasən baxıb münasibət bildirməmiş, birbaşa şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə olan halda Kollegiya hesab edir ki, hazırki iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 8(004)-487/2021 saylı qərardadından Borclu tərəfdən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətə MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar