Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-425/2022 28.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-605/2022 saylı 07 iyul 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evinin torpaq sahəsi ilə birlikdə üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-605/2022 saylı 07 iyul 2022-ci il tarixli qərardadına əsasən təqdimat olunmuş və Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evinin torpaq sahəsi ilə birlikdə üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 8(011)- 605/2022 saylı qərardadından şikayət və həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-605/2022 saylı 16 noyabr 2022-ci il tarixli qərardadı ilə Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 8(011)-605/2022 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilmiş, şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-605/2022 saylı 07 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinəəsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İcra işində olan materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli icra sənədinə əsasən Borclu 58000 manat məbləğində pul vəsaitinin və 15 manat dövlət rüsumunun tutularaq Tələbkar oğlunun xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından çıxarışa əsasən məlum olur ki, Borclu adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evi vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 8(011)-1/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra sənədi üzrə Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 20 ünvanında olan daşınmaz əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməmişdir. Həmin qərarda məhkəmə "xxxx" ASC-si ilə Borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 20 saylı evin ipoteka ilə yüklü edilməsini, həmçinin Borclu və ailə üzvlərinin yeganə yaşayış sahəsi olduğunu nəzərə almışdır. İş materiallarında olan "xxxx" ASC-si tərəfindən Xətai Rayon İcra Şöbəsinə ünvanlanmış 15 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Borclu hal-hazırda bank qarşısında kredit öhdəliyi olmadığı üçün sözügedən ipoteka predmeti girovdan azad edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-605/2022 saylı 07 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-605/2022 saylı 07 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-425/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-425/2022
28.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver