Məhkəmə qərarları › İş №8(103)-426/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-426/2020

20.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-426/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Borclu MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-326/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu MMC-nin nümayəndəsi (direktoru) Dursunov İmdad tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx xxxxxx 2019- cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru Borclu MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 59 saylı mənzilinin üzərinə həbsin qoyulması və borcun mənzilə yönəldilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə xx xxxxxxx 2010-cu il tarixli, 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə Borclu MMC-dən ümumilikdə 65.173,61 manat, vurulmuş mənəvi zərərə görə 1.000 manat və 11 manat məbləğində dövlət rüsumunun əvəzi Tələbkar xeyrinə ödənilməlidir. İcra vərəqəsində göstərilən tələb 10 gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya qərar və bildiriş göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir və qərəzli olaraq borcu ödəməkdən yayınmışdır. Borclu MMC-nin adına olan bank hesablarına sorğular edilmişdir və bank hesablarında pul vəsaiti aşkar edilməmişdir. Elektron Portalın çıxarışından görünür ki, Borclu MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 59 saylı mənzil qeydiyyatdan keçmişdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-326/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Həmin qərardaddan Borclu MMC-nin nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərardadda məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmaqlarına baxmayaraq iclasa gəlmədikləri göstərilmişdir. Lakin, xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş iclas barədə xx xxxxxx 2020-ci il tarixli bildiriş MMCnin hüquqi ünvanının yerləşdiyi poçta xx xxxxxxxx 2020-ci il tarixli möhürlə daxil olmuş, MMC-yə isə xx xxxxxxxx 2020-ci il tarixdə yəni iclasdan 2 gün sonra çatdırılmışdır. Digər tərəfdən də təqdimatın təmin olunması üçüncü şəxsin hüquqlarına toxunulmaqla, həmçinin əlavə məhkəmə çəkişmələrinin də yaranmasına səbəb olacaqdır. Belə ki, təqdimatda qeyd olunan 59 nömrəli mənzil xx xxx 2007-ci il tarixli “mənzil tikintisinə və satışına dair” müqaviləyə əsasən X2, hazırdada onun istifadə və sahibliyindədir. Göstərilən mənzilin MMC-yə məxsus olması barədə olan elektron məlumat bağlı isə qeyd edilir ki, binada olan mənzillərin dövlət qeydiyyatına alınması üçün mənzil əvvəlcə MMCnin balansına keçməli, sonra isə reyestr xidməti tərəfindən mülkiyyətçinin adına qeydiyyat aparılmalıdır. Həmçinin, Borclu MMC-nin hüquqi ünvanı ünvan 1ənzil 3 olduğu üçün icra vərəqəsi də müvafiq olaraq Binəqədi rayon İcra və Probasiya Şöbəsinə verilsə də, MMC tərəfindən inşa olunmuş bina yəni hazırki mübahisə predmeti olan mənzil Nərimanov rayonunun inzibati ərazisində G.Qədirbəyova küçəsi 5 ünvanında yerləşdiyindən icra vərəqəsi Nərimanov rayon İcra və Probasiya Şöbəsinə verilməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış Tələbkar məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə təqdimatayenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Qanunun 50.1-ci və 50.2-ci maddələrində isə təsbit edilmişdir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İş materiallarından aydın olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019, xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə xx xxxxxxx 2010-cu il tarixli, 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə Borclu MMC-dən ümumilikdə 65.173,61 manat, vurulmuş mənəvi zərərə görə 1.000 manat və 11 manat məbləğində dövlət rüsumunun əvəzi Tələbkar xeyrinə ödənilməlidir; hazırkı icraatın başlanmasına səbəb olan təqdimatla məhkəməyə müraciət edən icra məmuru da, məhz Borclu MMC-yə məxsus olduğunu bildirdiyi əmlak üzərinə “İcra haqqında” Qanunun qeyd olunan müddəalarına əsasən həbs qoyulmasını istəmişdir. Bununla belə şikayətə əlavə olunan xx xxx 2007-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, sözügedən əmlak, yəni Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 59 saylı mənzil xx xxx 2007-ci il tarixdə borclu tərəfindən X1. Bu baxımdan kollegiya hesab edir ki, üzərinə həbs qoyulması istənilən əmlaka münasibətdə “İcra haqqında” Qanunun 50-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olub-olmadığı qeyri-müəyyən qalmışdır və bu məsələnin yenidən araşdırılmasına zərurət vardır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin maddi hüquq norması icra sənədinin icrasını təmin etmək üçün məhz borclunun əmlakı üzərinə həbs qoyulmasını mümkün hesab edir. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, Binəqədi Rayon Məhkəməsinin 8(001)-326/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin, habelə maraqlı şəxsin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata yenidən qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-326/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar