Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-426/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Borclunun nümayəndəsi və vəkili X1, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-375/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadından borclu X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2101 /2019-012 nömrəli, 30.05.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu adına Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 125 ünvanda yerləşən 1 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2101/2019-012 nömrəli, 30.05.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 13.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 132000 (yüz otuz iki min) manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 21.11.2019-cu ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul ediklərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Lakin buna baxmayaraq Borclu icra sənədində göstərilən tələbi könüllü müddət ərzində icra etməmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* saylı çıxarışına əsasən Borclu adına Bakı şəhəri, Nərimanov ayonu, X6 küçəsi, ev 125 ünvanda yerləşən 1 saylı mənzilin olması müəyyən olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-375/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan borclu X4 şikayət verərək qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-375/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında borclunun nümayəndəsi və vəkili X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X5 şikayəti müdafiə edərək təmin edilməsini, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tələbkar məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-375/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.05.2017-ci il tarixli məktubuna əsasən Borclu mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 125 ünvanında 1 saylı mənzilin olduğu müəyyən edilir. Ancaq təqdimatdan Azərbaycan Respublikası üzrə borclunun adına dövlət reyestrində qeydiyyatdan keçmiş başqa mənzilin olduğu müəyyən edilmir. "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”ndan görünür ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən qeyd olunan əmlaklara tələbin yönəldilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, icra məmuru tərəfindən verilmiş təqdimatdan Azərbaycan Respublikası üzrə borclunun adına dövlət reyestrində qeydiyyatdan keçmiş başqa mənzilin olduğu müəyyən edilmədiyindən və təqdimatda qeyd edilən mənzilə tələbin yönəldilməsinə yol verilmədiyindən hazırkı halda təqdimatın təmin edilməsi mümkün hesab edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-375/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-375/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-426/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-426/2021
18.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver