Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-427/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, X1 və onun nümayəndəsi Gassam-zade Rövşənin iştirakı ilə, Bakı şəhərində, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-129/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadından borclu X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-764/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 76 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən dəymiş maddi zərərə görə 400 manat pulun tutularaq X2 xeyrinə ödənilməsi qərara alınmışdır. X8 ərizəylə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-764/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq Nizami rayon İcra və Probasiya şöbəsinin icraata başlama haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X6 ona qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X8 tərəfindən ora məxsus Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tam boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən onun xeyrinə 3000 manat miqdarında ona dəymiş maddi zərərin əvəzinin tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-877/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X3 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76 ünvanında yerləşər qeyri-yaşayış sahəsinin tam boşaldılaraq iddiaçı X4 təhvil verilməsi, cavabdeh X3 dəymiş maddi zərərin əvəzi olaraq 2000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-8741/2019 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(0ü7)-877/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-8741/2019 saylı qətnaməsindən narazı qaldığı üçün kassasiya şikayətinin verilməsi zərurəti yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-8741/2019 saylı qətnaməsi ona görə ləğv edilməlidir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Ali Məhkəmənin müvafiq qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-8741/2019 saylı qətnaməsi qismən ləğv edilib yeni qərar qəbul edilmişdir. Hazırda Ali Məhkəmənin 2(102)-764/2020 saylı qərarı icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nizami rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi icra məmuru Tahir Ağayevin icraatındadır. İcra məmuru Tahir Ağayev xx xxxx 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Məlumat üçün bildirir ki, o, Ali Məhkəmənin 2(102)-764/2020 saylı qərarı ilə aşağıdakı əsaslara görə razılaşmır. Belə ki, icarə obyektində kanalizasiya sistemi yenilənmiş, istilik sistemi çəkilmiş, işıq xətləri çəkilmiş, daxili tavan hissəsi yenilənmiş, divarın suvaq və rənglənmə işləri aparılmışdır. Döşəməyə beton vurulmuş, pəncərələr sökülüb yeri genişləndirilərək yenisi ilə əvəz edilmiş, seyf qapı qoyulmuş, əlavə olaraq daxildə 4 qapı qoyulmuşdur. Ümumiyyətlə, icarə müqaviləsində göstərilən icarə obyektini təmir etmək üçün 70000 ABŞ dolları məbləğində xərc çəkilmişdir. Heç bir məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-764/2020 saylı qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsi ilə bağlı şikayət ünvanlamışdır. Bu vəziyyətdə hesab edir ki, icra məmuru hazırkı icra sənədi üzrə hər hansı bir hərəkət edə bilməz. İcra məmuru isə icra sənədinin icrasında maraqlı oİduğundan könüllü icra müddəti tamam olmamış tezbazar qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb edir. Məhz bu səbəbdən də Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tahir Ağayevin qəbul etdiyi icraata başlamaq haqqında qərardan şikayət ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, məhkəmə tərəfindən icra vərəqəsi verilin zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri, tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı göstərilməli olduğu halda göstərilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-129/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət rədd edilmişdir. Qərardaddan borclu X8 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(103)-332/2020 nömrəli qərarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-129/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadından borclu X8 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməklə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-129/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu X8 və onun nümayəndəsi Gassam-zade Rövşən şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 129/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-764/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 76 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsindən boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən dəymiş maddi zərərə görə 400 manat pulun tutularaq X2 xeyrinə ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. - 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. - 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. - 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. - 84.1-ci maddəsinə görə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. - 87.2-ci maddəsinə görə bu Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yerin məhkəməsinə verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu “icraata başlamaq haqqında” qərarın qəbulunun mümkünlüyünü yalnız icra sənədinin həmin Qanunun 7-ci maddəsinin tələbləri ilə şərtləndirir və qanunvericiliyə görə həmin maddədə göstərilən tələblərin pozulduğu (həmin maddənin tələblərinə münasibətdə uyğunsuzluq olduğu) halda, icra məmuru həmin Qanunun 9.1-ci maddəsinə uyğun qərar qəbul etməlidir. Lakin hazırkı iş üzrə X8 icra sənədinin qeyd olunan maddəyə uyğun tərtib edilməməsi ilə bağlı heç bir dəlil göstərməmişdir. Qeyd edilənlərlə müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-764/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi xx.xx.2020-ci il tarixdə imzalanaraq icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Daha sonra Bakı şəhəri Nizami Rayon İcra və probasiya şöbəsinin icra məmuru Tahir Ağayev tərəfindən xx xxxx 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi qeyd edilən icra vərəqəsi icra edilməsi məqsədilə Nizami Rayon İcra və probasiya şöbəsinə göndərilmiş, Nizami Rayon İcra və probasiya şöbəsinin icra məmuru icra sənədini aldıqdan sonra qanunauyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edilərək borclu X7 göndərmişdir. Beləliklə, borclu X8 şikayətində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, şikayətini həmin hallara uyğun əsaslandırmamış, şikayətində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin təmin edilməməsi nəticəsinə gəlmişdir. Şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 764/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-129/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-129/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-427/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-427/2020
21.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver