Məhkəmə qərarları › İş №8(103)-427/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-427/2022

29.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-427/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X4 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-436/2022 nömrəli xx.xx.2022ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin hissə-hissə ödənilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 30 sentyabr 2020-ci il tarixli 2(005)-2370/2020 saylı qətnaməsi ilə cavabdeh X5 40.000 (qırx min) manat və 2000 (iki min) Avro məbləğində pul iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Qəbul edilən qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Ərizəsində qətnamə ilə müəyyən olunmuş, borcu tam ödəmək imkanı olmadığını nəzərə alaraq Nərimanov rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(005)-2370/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş borcun hissə-hissə, yəni ayda 300 (üç yüz) manat ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-436/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. X3 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-436/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-436/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Borclunun ərizədə qeyd etdiyi hallar isə müstəsna hal kimi qiymətləndirilə bilməz. Həmçinin qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmiş, habelə belə sübutların əlavə edilməsi üçün birinci instansiya məhkəməsində məhkəmə iclası təxirə salınmış, ərizəçi təkrar məhkəmə iclasında iştirak etməyərək, həmin sübutları məhkəmə iclasında təqdim etməmişlər. Bundan başqa, məhkəmənin qətnaməsi icraya yönəldiyi tarixdən keçən bu müddət ərzində borclu tərəfindən icra sənədi üzrə tələbkara hər-hansı ödənişin aparılması müəyyən edilməmişdir. Bütün bunlar isə borclu şəxsin maddi vəziyyətinin həqiqətən də məhkəmə qətnaməsini bir dəfəyə icra etməyə imkan verməməsi ilə bağlı dəlillərinin kifayət qədər əsaslı olmadığını göstərir. Bu zaman məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, 40000 manat və 2000 Avro məbləğində borc məbləğinin borclu tərəfindən ödənilməsinin uzun müddət gecikdirilməsi, hazırda isə həmin məbləğin ayda 300 (üç yüz) manat olmaqla hissə-hissə ödənilməsi tələbkarın mənafeyi baxımından da məqbul hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-436/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar