Məhkəmə qərarları › İş №8(103)-428/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-428/2021

03.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-428/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Tələbkar iştirakı ilə, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə” təqdimata dair iş üzrə Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Yasamal RM tərəfindən daha əvvəl qəbul olunmuş 31.05.2021-ci il tarixli qərardadla qərara alınıb ki, icra məmurunun təqdimatı təmin olunsun, məhkəmə tərfindən verilmiş, Borclu Tələbkar xeyrinə cəmi 32.000 manat tutulması barədə icra vərəqəsinin icrasının təmin edilməsi üçün borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Borclu 18.06.2021-ci il tarixdə ərizə ilə Yasamal RM-nə müraciət edərək xahiş edib ki, qərardad ləğv edilsin. Yasamal RM həmin ərizəyə baxaraq 06.07.2021-ci il tarixli qərardadı ilə qərara alıb ki, ərizə təmin edilməsin. Borclu bu qərardaddan şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanundan göründüyü kimi 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə hər 2 şərt mövcuddur və bu şərtlər aradan qalxmayıb. Borclu müalicə ilə əlaqədar ölkədən getməsinə zərurət olduğunu bildirsə də bununla bağlı sübut təqdim etməyib. Ona görə də Yasamal RM düzgün olaraq məhdudlaşdırmanın ləğvindən imtina edib. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar