Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-428/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Borclu X4 “qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə” dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1117/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından borclu X8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-3648/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X3 24000 manat, X2 500 (beş yüz) manat alınaraq Borclu verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Borclu xeyrinə cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Borclu X8 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3648/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icrası barədə (hər ay onun tərəfindən iddiaçıya 250 manat ödənilməklə) qərar çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1117/2022 saylı qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)- 3648/2021 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə borclu X8 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi (borclu) şikayət vermiş, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 və ailəsi maddi cəhətdən çox çətinlik çəkir. Ailədə tək işləyən X5r. Himayəsində iki azayaşlı övladı vardır. Ailəsi, yaşlı ata və anası onun himayəsindədir. Ailədə yeganə işləyən şəxs X5r. X4 aylıq əmək haqqım 900 AZN təşkil edir. Yoldaşı, ata və anası şəkər xəstəliyindən əziyyət çəkirlər. Ailənin , ata və ananın bütün xərcləri X4 üzərindədir. Aldığı əmək haqqı ilə yenədə maddi tələbatlarını ödəyə bilmir. Belə zamanda isə icra qurumu məhkəmə qərarını icra etməməklə bağlı X6 təqsirləndirir və məsuliyyətə cəlb edəcəyini bildirir. İcra qurumu isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz vəzifələrini icra etmək istəsə də, insan hüquqları sahəsində digər qanunvericilik aktlarının da tələblərini nəzərə almalıdır. Məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qərardad qəbul etmişdir. Xətai rayon məhkəməsi yalan və dəqiqləşdirilməmiş məlumata istinad etməklə onun mülkiyyətində avtomobil olmadığı halda, olmasını qeyd etmişdir. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli qərarına zidd hərəkət etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, e-2(011)-3648/2021 saylı qətnaməsindən görünür ki, borcludan 24000 manat və 30 manat rüsum tutularaq tələbkara verilməlidir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-3648/2021 saylı 07 may 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, məhkəmə aktı 18 oktyabr 2022-ci il tarixdə icra edilməsi üçün göndərilmişdir. İş materiallarından görünür ki, ərizəçi X9 ilə rəsmi nikahdadır, onun xx.xx.2006-cı il və xx.xx.2015-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşaqları var. İş materiallarında olan Qaradağ rayonu 9 nömrəli BŞX-nin konsultativ poliklinika şöbəsi tərəfindən verilmiş 1126 №-li tibbi arayışın surətinə əsasən, X10 xx.xx.2021-ci il tarixdən 9 nömrəli BŞX-nin poliklinika şöbəsində “şəkərli diabet tip 2, insulindən asılı, çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Qaradağ rayonu 9 nömrəli BŞX-nin konsultativ poliklinika şöbəsi tərəfindən verilmiş 1127 №-li tibbi arayışın surətinə əsasən, X12 xx.xx.2021-ci il tarixdən 9 nömrəli BŞX-nin poliklinika şöbəsində “şəkərli diabet tip 2, insulindən asılı, çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən Çıxarışdan görünür ki, X4 adına ********** qeydiyyat nömrəli mənzil, “Nissan Sunny” minik markalı avtomobil qeydiyyata alınmışdır. Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Rеspublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icrası haqqında işə baхmış məhkəməyə müraciət еdə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən еdilmiş qaydada baхır. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsin əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddənin mənasından görünür ki, qətnamənin icrasına möhlət vеrməyə və ya qətnaməni hissə-hissə icra еtdirməyə dair ərizələrə baхarkən işə baхmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qanunvericiliyin mənasına görə icra sənədinin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Bundan başqa kollegiya qeyd edir ki, prosessual qanunvericilikdə icra sənədinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, icra sənədinin hissəhissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olmaqla, onun mümkünlüyü borclu şəxsin əmlak vəziyyəti və digər hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməli və bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə ərizəçinin “iki azyaşlı uşağının olması, yoldaşının və valideynlərinin şəkər xəstəliyindən əziyyət çəkməsi və s.” kimi dəlilləri bu məqsədlə kifayət deyil. Belə ki, borclunun izahatından və iş materiallarından da göründüyü kimi, Z.İ.Hüseynov hazırda işləyir, aylıq gəliri vardır, həmçinin onun adına daşınar və daşınmaz əmlaklar (mənzil və nəqliyyat vasitəsi) qeydə alınmışdır ki, bu da onun tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. Həmçinin, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar icra sənədinin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə icra sənədinin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, ərizəçinin şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1117/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1117/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-428/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-428/2022
29.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver