Məhkəmə qərarları › İş №8(103)-429/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-429/2020

14.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-429/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tələbkar X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin əmlak üzərinə həbs qoyulmasına dair xx xxxxxx 2020-ci il tarixli qərardadından iş üzrə maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru M.Abbasov təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə borcluya məxsus “BMW 520” minik markalı **-TN-*** və “VAZ 2106” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-481/18 saylı icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı X1 xeyrinə 12967 manat məbləğində pul, 30 manat məbləğində dövlət rüsumu və iş üzrə 100 manat məbləğində ekspertiza xərci tutulmalıdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq borcun könüllü şəkildə ödənilməsi borcluya təklif edilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və Borclu “BMW 520” minik markalı **-TN-*** və “VAZ 2106” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin məxsus olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədli, iş № 8(003)-40/20) təqdimat təmin edilmişdir. Maraqlı şəxs məhkəmənin həmin qərardadından maraqlarına toxunulan şəxs kimi şikayət vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim S.Bəhramzadə, iş N 8(003)-40/20) şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar S.Qafarova məhkəmə Kollegiyasının iclasında şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tələbkar S.Qafarovanın izahatını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 481/18 saylı icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı X1 xeyrinə 12967 manat məbləğində pul, 30 manat məbləğində dövlət rüsumu və iş üzrə 100 manat məbləğində ekspertiza xərci tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə qərarlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qərarlarının icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, icra məmuru tərəfındən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb borclunun əmlakına icra ödənişinin ödənilməsi və icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı qanunla müəyyən olunmuş bütün tədbirlər həyata keçirilsə də, borclu bu günədək üzürsüz səbəbdən qeyd edilən icra sənədini icra etməmiş və onun icrasından yayınır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatlarından göründüyü kimi Borclu məxsus olan “BMW 520” minik markalı **-TN-*** və “VAZ 2106” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillər müəyyən edilmişdir. Avtomobilə dair şikayətçinin adına etibarnamə verilməsi həmin avtomobilin alqı-satqısı və şikayətçinin mülkiyyətinə keçməsi anlamına gəlmir. Göründüyü kimi, bu barədə şikayətdə göstərilən dəlillər əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar