Məhkəmə qərarları › İş №8(103)-429/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-429/2023

05.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-429/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 8(004)-533/2023 saylı iş üzrə qəbul edilmiş 19 sentyabr 2023-cü il tarixli qərardaddan tələbkar Hüseynov Rəssam Cəlil oğlunun verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-5835/2022 saylı mülki iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə tələbkar olan Hüseynov Rəssam Cəlil oğlu həmin icra vərəqəsi üzrə icra hərəkətlərini həyata keçirən Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Allahverdiyev Sahib Fəxrəddin oğlunun qəbul etdiyi “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi, əmək haqqının bank çıxarışlarına əsasən hesablanması və icra məmurunun hərəkətlərinə hüquqi qiymət verilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon”” ASC tərəfindən 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqları, məbləği qanunvericiliyə uyğun hesablanmaqla tələbkar Rəssam Hüseynova ödənilməlidir. Lakin icra vərəqəsi tam icra edilmədiyi halda icra məmuru qanunsuz olaraq icraata xitam vermişdir. Belə ki, icra sənədinə əsasən hesablanmalı olan 7 ay üzrə tələbkarın əmək haqqısı 1.000 manat təşkil etdiyi halda, daha az məbləğlə hesablanaraq tələbkara ödənilmişdir. Əmək müqaviləsində tələbkarın əmək haqqı məbləği 599 manat qeyd edilməyinə baxmayaraq, bank hesabına aylıq əmək haqqı ilə bağlı köçürülən vəsait 1.000 manat olmuşdur. Tələbkar əmək müqaviləsinə imza edəndə 599 manat yazılmamışdır, həmin rəqəm sonradan qələm ilə əlavə edilmişdir. İcra məmuru isə bank hesabı məlumatlarını deyil, əmək müqaviləsində qələmlə göstərilən məlumatlarını əsas götürmüşdür. Bundan başqa əmək müqaviləsində qeyd edilən məbləğ əsas tutulsa belə, yenə də tələb tam icra edilməmişdir. Çünki tələbkara 7 aylıq əmək haqqı 538 manatdan hesablanmaqla ödənilmişdir. İcra sənədinin verilməsinə əsas olmuş mübahisə ilə bağlı mülki işə mahiyyəti üzrə baxılarkən, müvafiq məhkəmə aktlarında onun maaşının nə qədər olmasına heç bir hüquqi qiymət verilməmişdir. Tələbkar hesab edir ki, icra məmuru bank çıxarışlarını əsas götürməlidir. Qəbul etmiş olduğu qərarın qanuni olduğunu hesab edən icra məmuru, Rayon Məhkəməsində işə baxılan zaman verdiyi izahatda ərizəyə etirazını onunla əsaslandırmışdır ki, icra sənədində konkret olaraq əmək haqqının hansı məbləğlə hesablanması göstərilməmişdir. Qanunvericiliyə uyğun hesablanma dedikdə, əmək müqaviləsinə uyğun hesablanma nəzərdə tutulur. Qətnamədə göstərildiyi kimi qanunvericiliyə uyğun şəkildə şirkət tərəfindən əmək müqaviləsinə əsasən tələbkarın əmək haqqı məbləği 7 aya münasibətdə tam şəkildə ödənilmişdir. Əmək müqaviləsini isə tələbkar özü icra şöbəsinə təqdim etmişdir. Tələbkarın hesabına aylıq 538 manat olmaqla 7 aylıq məbləğdə pul köçürülmüşdür. Borclunun nümayəndəsi isə bank hesabına olan köçürmələri onunla izah etmişdir ki, əmək müqaviləsindən artıq ödəmələr mükafat olaraq işçiyə ödənilmişdir. Tələbkarın maaşı 599 manat olsa da, digər məcburi ödənişlər çıxdıqdan sonra onun kartına 538 manat pul köçürülmüşdür. Bu barədə rəsmi arayış da icra işi materiallarında mövcuddur. İcra sənədinə uyğun olaraq 599 manatdan digər vergi və sair ödənişlər çıxdıqdan sonra 538 manatdan hesablanmaqla 7 aylıq əmək haqqını borclu tələbkara tam şəkildə ödəmişdir. Tələbkar qətnamənin izahı ilə bağlı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etsə də, həmin məhkəmə ərizəni təmin etməmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə ərizənin təmin edilməməsini qərara alınmışdır. İş üzrə tələbkar Rəssam Hüseynovun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4442/2021, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilərək 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənilməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla Hüseynov Rəssam Cəlil oğluna ödənilməsi öhdəliyinin “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, 7 aylıq əmək haqqı məbləğinin hansı məbləğdən hesablanması göstərilməmişdir. Yalnız həmin qətnamənin 36-cı bəndində göstərilmişdir ki, iddiaçı və cavabdeh tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli 15586 nömrəli əmək müqaviləsinə əsasən əmək haqqı məbləği 599 manat müəyyən edilmişdir. “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC ilə Hüseynov Rəssam Cəlil oğlu arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, Hüseynov Rəssam Cəlil oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC-də elektromexanik vəzifəsinə işə qəbul edilmiş və onun aylıq əmək haqqı məbləği 599 manat razılaşdırılmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli bildirişə əsasən müəyyən olunur ki, Hüseynov Rəssam Cəlil oğlu xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC-də elektromexanik vəzifəsində çalışdığı müddətdə onun aylıq əmək haqqı 800 manat təşkil etmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, Hüseynov Rəssam Cəlil oğlu xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC-də elektromexanik vəzifəsində çalışdığı müddətdə onun aylıq əmək haqqı 599 manat təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, Hüseynov Rəssam Cəlil oğlu xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də, həmin tarixdən sonra isə “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC işləməsini, sonuncu ilə əmək müqaviləsinin xx.xx.2020-ci il tarixdən 1 ay müddətinə bağlandığı üçün və bununla da 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları ərzində tərəflər arasında əmək münasibətləri yaranmadığına görə ona icra sənədi üzrə ödənilməli olan əmək haqqı məbləğinin hesablanmasının mümkün olmamasını əsas gətirərək qətnaməyə izah verilməsini xahiş etmişdir. Həmin qərardadla məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində anlaşılmayan hər hansı xüsusat mövcud deyil və izah verilməsi üçün zərurət yoxdur. Belə ki, "xxxx" MMC-nin rəsmi internet saytından görünür ki, o, 2018-ci ildə “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC-nin törəmə müəssisəsi olaraq təsis edilmişdir. “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Hüseynov Rəssam Cəlil oğlunun aylıq əmək haqqısı vergi tutulmaları və digər ödənişlər çıxıldıqdan sonra 538,13 manat təşkil edir. “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Hüseynov Rəssam Cəlil oğlunun “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC-də çalışdığı müddət ərzində əmək müqaviləsi üzrə aylıq əmək haqqı 599 manat təşkil etmişdir. Həmin məbləğdən 45,9 manat DSMF ayırmaları, 3 manat işsizlikdən sığorta haqqı, 11,98 manat icbari sığorta haqqı çıxılmaqla ona 538,13 manat məbləğində yekun əmək haqqı hesablanmışdır. “Avro-Asiya İnşaat Korporasiyası “Evascon”” ASC-nin xx.xx.2023-cü il tarixli məktubu və məktuba əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC vasitəsilə Hüseynov Rəssam Cəlil oğluna xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1435,01 manat və 2331,9 manat olmaqla, cəmi 3766,91 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin icra edilməli olduğu dövrdə tələbkarın əmək haqqısının 599 manat olması, icra sənədini vermiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və borclu ilə tələbkar arasında bağlanmış xx.xx.2020-ci il tarixli 15586 nömrəli əmək müqaviləsi ilə müəyyən olunur. Tələbkarın aylıq əmək haqqısı kimi müəyyən edilmiş 599 manatdan 45,9 manat DSMF ayırmaları, 3 manat işsizlikdən sığorta haqqı, 11,98 manat icbari sığorta haqqı çıxıldıqdan sonra qalan məbləğ 538,13 manat təşkil edir. Borclu tərəfindən 7 aylıq əmək haqqıdan məcburi tutulmalar çıxıldıqdan sonra aylıq 538,13 manat məbləğdən hesablanmaqla, cəmi 3.766,91 manat məbləğində pul vəsaiti tələbkara ödənilmiş, bununla da icra sənədi tam icra olunmuşdur. Tələbkar hazırki işdə əsas götürdüyü eyni dəlillərlə qətnaməyə izah verilməsi barədə ərizə ilə icra sənədini vermiş məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmə, qətnamədə anşılmaz hər hansı bir halın mövcud olmadığını bildirərək qətnaməyə izah verilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, icra sənədinin tam icra edilməsi qənaətinə gəlmiş icra məmuru iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” icra məmurunun qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün əsas yoxdur; icra məmurunun qərarı əsaslıdır; Rayon Məhkəməsi ərizəni və həmin ərizənin təmin edilməməsi barədə qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir; şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır; şikayətin təmin edilməsi üçün əsas yoxdur. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Tələbkar Hüseynov Rəssam Cəlil oğlunun şikayəti təmin edilməsin. Hazırki iş üzrə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar