Məhkəmə qərarları › İş №8(103)-43/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-43/2022

01.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-43/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 8(004)- 864/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Borclu məxsus “DONG FENG S30 MİNİK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, 09.12.2016-cı il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13220/2016 saylı, 21.10.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 4176,36 manat tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş, buna baxmayaraq, borclu tərəfindən bu müddət ərzində icra sənədinin icrası təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. “İcra haqqında” Qanunun 45.2-ci maddəsinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda, müvafiq orqanlara sorğular edilmiş və borclunun mülkiyyətində “DONG FENG S30 MİNİK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 8(004)- 864/2021 saylı qərardadı ilə (hakim Orxan Məmmədli) təqdimat təmin olunmuşdur. Qərardaddan narazı olan Borclu ondan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən hazırda hansı məbləğdə borcun olması dəqiqləşdirılməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Barəsində təqdimat verilmiş avtomobilin üzərinə əvvəllər də Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuş, lakin tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qərardadı ilə qismən təmin edilərək, rayon məhkəməsinin qərardadı ləğv edilərək, iş təqdimata yenidən baxılması üçün göndərilmiş və həmin məhkəmənin 01 yanvar 2019-cu il tarixli qərardadı ilə təqdimat rədd olunmuş, qərardadın 4-cü abzasında borcdan 2100 manat ödəniş edilməsi təsdiq olunmuşdur. Bundan sonra, tərəfindən 800 manat da ödənilmiş, lakin tələbkar bank həmin məbləği əlavə faizlərə çıxmışdır. Bundan başqa, Nazirlər kabinetinin 05.06.2002-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Fiziki şəxs barəsində tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 9-cu bəndinə əsasən borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri avadanlıq, o cümlədən ixtisası üzrə kitablar və vasitələrə tələbin yönəldilməsinə yol verilmir. Borclu taksi fəaliyyəti ilə məşğuldur və üzərinə həbs qoyulmuş avtomobil onun və ailəsinin yeganə qazanc mənbəyidir. Himayəsində iki azyaşlı övladı və əlil qardaşı vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 8(004)- 864/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1-ci maddəsinə görə, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qanunun 45.1 və 45.2-ci maddələrinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Qanunun 50.1-ci və 50.2-ci maddələrinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. MPM-in 158.4-cü maddəsinin tələbinə görə, cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alına bilər. Baxılan işdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2(004)-13220/2016 saylı icra vərəqəsinə əsasən Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə ümumilikdə 4174,43 manat ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən 09.12.2016-cı il tarixdə icra sənədi icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrasının könüllü təmin edilməsi üçün borcluya 10 gün müddət verilmişdir. Buna baxmayaraq, borclu həmin müddətdə borcu tam ödəməmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “DONG FENG S30 MİNİK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Birinci instansiya məhkəməsi, qeyd olunanlara istinad edərək, bu qənaətə gəlmişdir ki, borcluya rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsinin icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin (tələbkarın, borclunun, icra məmurunun) iştirakını təmin etmədən (işə məhkəmə iclasının yeri və vaxtı barədə 17.12.2021-ci il tarixli məktub və 22.12.2021-ci il tarixli reyestr tikilsə də, onun çatdırılması barədə sübutlar yoxdur) baxılmışdır ki, bu da prosessual hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Çünki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9-cu maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. MPM-in 387.2 və 387.2.2-ci maddəsinin tələbinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Digər tərəfdən, qanunvericliyin yuxarıda sadalanan normalarının tələblərinə əsasən, tələbin könüllü icrası üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas olmaqla, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməlidir. Hazırda icra məmuru borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasını xahiş etsə də, tərəfindən bu icra tədbirinin tətbiqindən əvvəlki icra hərəkətlərinin həyata keçirildiyini, lakin nəticəsi olmadığını təsdiqləyən sübutları (borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olması barədə müvafiq sorğular verilməsi, onlara verilmiş cavablar və s.) məhkəməyə təqdim etməmişdir. Bundan başqa, borclu tərəfindən verilmiş şikayətin məzmunundan belə aydın olur ki, eyni icra sənədi üzrə icra məmuru tərəfindən sözügedən nəqliyyat vasitəsinin üzərinə həbs oqyulması barədə əvvəllər də təqdimatla məhkəməyə müraciət olunmuş, lakin məhkəmənin qanuni qüvvəsini almış 01 yanvar 2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilməyərək, borclu tərəfindən 2100 manat ödənilməsi təsdiq olunmuşdur. Eyni zamanda, borclu sonradan 800 manat da ödədiyini bildirmiş və şikayətə əlavə etdiyi ləğv prosesində olan "xxxx" ASC-nin icra məmuruna ünvanladığı 17 noyabr 2021-ci il tarixli, **********181 saylı məktubda borclunun həmin vaxta 1872,25 manat borcu qaldığı bildirilmişdir. Göründüyü kimi, borclu tərəfindən icra sənədi üzrə tələbkara müəyyən ödənişlər edilmiş, lakin məhkəmə tərəfindən hazırkı vaxta borcun olub-olmaması, müsbət halda nə qədər təşkil etməsi barədə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan yalnız formal mülahizələrlə əmlakın üzərinə həbs qoyulması barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi ümumiyyətlə icra işini tələb edərək ona baxış keçirməmiş, görülmüş icra tədbirlərini və s. yoxlamamışdır. Kollegiya, həmçinin, vurğulayır ki, məhkəmə icra məmuru tərəfindən üzərinə həbs qoyulması tələb edilən borlcuya məxsus nəqliyyat vasitəsinin tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə (Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı») aid olub-olmaması istiqamətində də hər hansı araşdırma aparmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təqimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 8(004)-864/2021 saylı qərardadı ləğv edilsin və iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar