Məhkəmə qərarları › İş №8(103)-430/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-430/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-430/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-477/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 185000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar hesabına ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmişdir, icraata başlamaq haqqında qərar xx.xx.2020-ci il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclunun əmlak vəziyyətini və gəlirlərini yoxlamaq məqsədilə "Elektron icra” informasiya sistemindən məlumat çıxarılmış, borclunun adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1324 A ünvanında yerləşən bağ sahəsinin 1/3 hissəsi aşkar edilmiş, həmin bağ sahəsinin girov predmeti olduğu müəyyən olunmuş, eyni zamanda başqa öhdəliklə əlaqədar həmin bağ sahəsinin üzərinə həbs qoyulduğu məlum olmuş və bağ sahəsinin açıq hərrac vasitəsilə satışını təşkil etmək üçün icra sənədinin Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatında olduğu müəyyən edilmişdir. Bundan başqa borclunun təqaüd aldığı məlum olmuş, lakin borclunun başqa öhdəliyi ilə əlaqədar məhkəmə qərarı üzrə borc tələbi borclunun təqaüdünün 50%-nə yönəldilmişdir. Borclunun adına başqa əmlak və ya gəlirlər müəyyən edilməmişdir. Borclu tərəfindən borc öhdəliyi uzun müddət icra olunmadığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş, məhkəmənin müvafiq qərarı ilə borclu barəsində 500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Tələbkar rəsmi qaydada şöbəyə müraciət edərək məhkəmənin qərarının icra olunmadığını, bu səbəbdən borclu barəsində ciddi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcunun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-477/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu - xx.xx.1950-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası İcra haqqında Qanunun 26, 84-1.1; İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarına; "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1 -ci hissəsinə istinadən qeyd edilmişdir ki, müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 185000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Borclunun mülkiyyətində həbsin yönələ biləcəyi əmlak yoxdur, barəsində 500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Borclunun xroniki xəstəliklərdən əziyyət çəkməsi təqdimatın rədd edilməsi üçün yetərli əsas deyil. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu şikayət vermiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-477/2025 saylı xx.xx.2025-ci iiarixli qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməyərək, iş üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 84-1.1; Mülki Prosessual Məcəllənin 9.3, 14.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə aşağıda qeyd edilən halları müəyyən etsə də, heç birini nəzərə almamışdır: 1.Borclu 75 yaşındadır və onun səhhətində xroniki xəstəliklər var. Borclu davamlı olaraq müalicə almazsa, ciddi həyati təhlükə yaşayar və bu, onun üçün bərpaedilməz olar. Məhz buna görədir ki, Borclu hər il 2 dəfə ya Türkiyə Respublikasında, ya da Rusiya Federasiyasında ciddi müalicələrdən keçir və həkim yoxlanışlarında olur. Borclu buna məcburdur. Çünki, vaxtlı-vaxtında müayinə və müalicələrdən keçməməsi ölümlə nəticələnə bilər. Borclu hal-hazırda 1180 manat pensiya alır və iş üzrə icra vərəqinin icrası məqsədi ilə, pensiyasının 50 faiz hissəsi ondan tutulur. Yəni, icra məmuru tərəfindən Borclu yeganə gəlir yeri olan pensiyası müəyyənləşdirilib və pensiyaya tutma yönləndirilib. Borclu əlavə gəlir yeri, əmlakı və icra vərəqini icra edə biləcəyi vasitə mövcud deyildir. 2. Borclu hazırki iş üzrə tələbkardan aldığı pulu elə həmin vaxt başqa şəxsə borc olaraq verib və ümidi, həmin borcu aldıqdan sonra Tələbkar qaytarmaq olmuşdur. Lakin Borclu borc verdiyi şəxs Türkiyə Respublikasına qaçaraq, götürdüyü pulu qaytarmaqdan imtina edib. Buna görə də, B.Ələkbərov özündən asılı olmayaraq, hazırki icra vərəqi üzrə ödəmə qabiliyyətinə malik olmamışdır. 3. Borclu xaricə köçüb orada yaşamaq fikri və imkanı yoxdur. Borclu yaşlıdır və hər bir Azərbaycanlı kimi, son vaxtlarını öz vətənində keçirmək və burada dəfn olunmaq istəyir. Borclu xarici ölkədə yaşayış yeri və yaşaya bilməsi üçün maddi vəsaiti yoxdur. Bu səbəbdən də, onun geri qayıtmamaq şərtilə ölkədən gedəcəyini düşünmək mümkün deyil. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-477/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən: Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2, 2.3, 2.4, 2.6; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-26, 84-1; Mülki Prosesual Məcəllənin 385-388, 395-402-ci maddələrinə əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin sübutedici əsası və aidiyyəti olmayan dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə ötən müddət ərzində icra sənədinin icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş məbləği nəzərə alaraq haqlı qənaətə gəlmişdir, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimatın rədd edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli, "İcraata başlamaq haqqında”qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini nəzərdən keçirilərək icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi, könüllü təmin etmədikdə məcburi icra tədbirlərinin görülməsi.icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. 04 may 2016-cı il tarixli mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsindən görünür ki, "borc alan”- Borclu ,”borc verən”ə - Tələbkar 600.000 (altı yüz min)manat həmin günün dolların ekvivalentinə əsasən,(1 ABŞ dolları=1.50) yəni, 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul borcunun olduğunu,bəyan və tam etiraf edir, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. 25 iyun 2025-ci il tarixli,69 nömrəli arayışdan görünür ki, Borclu arayış ondan ötrü verilmişdir ki, o, 2024-cü ilin mart ayından, 2025-ci ilin may ayınadək mütəmadi olaraq "X4”MMC-də ambulator müayinə və müalicə almışdır. Ürəyin İşemik xəstəliyi, şəkərli diabet, periferik arteriyalar xəstəliyi, xroniki böyrək çatışmazlığı, xroniki anemiya diaqnozu qoyulmuşdur. AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, borclu X3 xx.xx.2024-cü il; xx.xx.2025-ci il tarixlərdə Moskva, xx.xx.2024-cü il tarixdə İstanbul istiqamətində ölkə sərhədlərindən çıxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)- 477/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar