Məhkəmə qərarları › İş №8(103)-431/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-431/2021

23.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-431/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 8(001)-452/2021 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli 2(001)-6497/2016 saylı qətnaməsi üzrə ondan tutulmalı olan 4.791 manat məbləğindən pul ödənişinin aylıq 100 manat olmaqla hissəhissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli 2(001)-6497/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin ona qarşı iddiası qismən təmin edilmiş, cavabdeh kimi ondan 4.791 manat məbləğində pulun tutularaq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Maddi vəziyyəti yol vermədiyinə görə qətnamədə göstərilən məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Bu səbəbdən iddiaçıya olan borcunu hissə-hissə hər ay 100 manat ödəməklə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 8(001)-452/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. X1 həmin qərardaddan şikayət vermişdir. X1 şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi ailə vəziyyətinin çətinliyi, maddi durumunun ağırlığı barədə heç bir mötəbər sübutlar təqdim edilmədiyi qeyd edilsə də, o, rəsmi kredit borcunun olması ilə əlaqədar kredit müqavilələrini məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə onlar nəzərə almamışdır. O, hal-hazırda işləyir, aylıq əmək haqqısı 621 manat təşkil edir. Əmək haqqının hər ay 12 manatı icbari tibbi sığortaya, 50%-i "xxxx" ASC-yə, yerdə qalan hissə isə aktiv kredit borcuna tutulur. Nəticədə o, son 6 aydır ki, əmək haqqı almır. Hal-hazırda işlədiyi işdən əlavə başqa bir işlə məşğul deyil və əlavə gəlir yeri yoxdur. Ailə vəziyyəti ağır durumdadır. Atası 2-ci qrup əlil, anası 3-cü qrup gözdən əlil və ankoloji xəstədir. Valideynləri də ona kömək edə bilmir. Yaranmış bu çətin vəziyyətlə əlaqədar olaraq, hal-hazırda işini itirmək təhlükəsi atındadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. X2 maddi və əmlak vəziyyətinin ağırlığı, kredit borcunun olması, atasının 2-ci dərəcə əlil, anasının 3-cü dərəcə gözdən əlil və ankoloji xəstə olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə S.L.Rüstəmovun aylıq qazancının məbləği ilə bağlı işdə heç bir sübut mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, S.L.Rüstəmovun 4791 manat məbləğində borcu 19 sentyabr 2016-cı il tarixli qətnamə əsasında ödəməli olduğu halda beş il müddətində borcun ödənilməsi üçün heç bir cəhd göstərməmişdir. Onun hazırki vaxtdan sonra borcu hər ay 100 manat olmaqla ödənməsi tələbkar "xxxx" ASC-nin mənafeyinə ziyan gətirəcəkdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilə bilməz. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı, şikayət isə əsassızdır və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 8(001)-452/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar