Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-432/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş, Borclu arvadı Maraqlı şəxs məxsus mənzilin ½ hissəsinin üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İcra məmurunun təqdimatına xahiş olunub ki, icra sənədi üzrə Borclu arvadı Maraqlı şəxs məxsus, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987-də yerləşən 132 №-li mənzilin ½ hissəsinin üzərinə həbs qoyulsun. Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, təqdimat təmin edilməsin. İcra məmurunun şikayətində xahiş olunub ki, qərardad ləğv edilsin və təqdimat təmin olunsun. Şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı, təqdimat yeni əsasla rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Nərimanov RM-nin 2(005)-2370/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixdə verdiyi icra vərəqəsinə görə, Borclu Tələbkar xeyrinə 40.000 manat və 2.000 Avro tutulmalıdır. Borclu xx.xx.1990-cı ildən hazıradək Maraqlı şəxs ilə nikahdadır. Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987-də yerləşən 132 №-li mənzil Maraqlı şəxs mülkiyyəti kimi qeydə alınıb. Həmin mənzilin ½ hissəsinin üzərinə həbs qoyulması barədə təqdimat hazırkı vəziyyətdə təmin oluna bilməz. Belə ki, bu məsələni Ailə Məcəlləsinin 41ci maddəsi və Mülki Məcəllənin 224-cü maddəsi tənzimləyir. Həmin maddələrdən görünür ki, ər-arvadın ümumi əmlakında ərin (borclunun) payına tələb yönəldilməsi üçün, əvvəlcə payın ayrılması tələb olunmalıdır. Payın ayrılmasını tələb etmək hüququ kreditrora (icra sənədi üzrə tələbkara) aid olan hüquqdur. Bu hüquq Mülki Məcəllənin 224.1-ci maddəsində müəyyən edilib. Arvadın adına qeydə alınmış mənzilin ər-arvadın ümumi mülkiyyəti olduğu müəyyən edilmədən və ərin (borclunun) payı ayrılmadan mənzilin ½ hissəsinə tələb yönəldilə bilməz. Tələb yönəldilməsi mümkün olmayan əmlakın üzərinə isə həbs qoyula bilməz. Birinci instansiya məhkəməsi təqdimatı ona görə rədd edib ki, mənzil borclunun yeganə yaşayış yeridir. Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə görə, borcluya məxsus olan ev və ya mənzilə tələbin yönəldilməsinə o halda yol verilmir ki, həmin ev və ya mənzil borclunun və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək yeganə ev və ya mənzil olsun. Arvadın adına qeydə alınmış mənzilin ər-arvadın ümumi mülkiyyəti olduğu müəyyən edilmədən və ərin (borclunun) payı ayrılmadan, mənzilin borclunun əmlak kimi qiymətləndirilməsi və onun yeganə yaşayış yeri adlandırılması qanuni deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. İcra məmurununn təqdimatı təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-432/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-432/2022
29.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver