Məhkəmə qərarları › İş №8(103)-432/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-432/2024

04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-432/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-464/2024-011 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə şikayətinə dair işlə bağlı icraat üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-464/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun təqdimatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Suraxanı rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-464/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1980-ci ildə anadan olmuş Borclu 187000 manat məbləğində pul vəsaiti və 477 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 464/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, borclu mövcud borc məbləğindən müəyyən ödəniş etsə də, lakin göründüyü kimi borcun kifayət qədər böyük bir hissəsi ödənilməmiş olaraq qalmaqdadır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Odur ki, məhkəmə icra sənədənin icrasını təmin etmək məqsədilə Borclu müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasını əsaslı sayıb, təqdimatın təmin olunması qənaətinə gəlir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qəradadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramov təqdimatla məhkəməyə müraciət edərək, şikayətçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-464/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu 187000 manat məbləğində pul vəsaitini və 477 manat dövlət rüsumunu Tələbkar ödəməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə İcra şöbəsinə daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edildikdən sonra qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bu səbəbdən də onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəuyğun hesab edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 8(010)-469/2024 saylı qərardadına əsasən, icra məmurunun təqdimatı təmin edilərək, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 8(010)-469/2024 saylı qərardaddan narazıdır və hesab edir ki, qərardad əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, borclu tərəfindən Tələbkar xeyrinə 21000 manat ödənilmiş, lakin bu təqdimatda öz əksini tapmamışdır. İcra məmurunun özü məhkəmə iclasında iştirak etməmişdir. Borclu yaxın gələcəkdə də ödənişlər etməyə hazırlaşır. Məhkəmənin qəbul etdiyi qərardad borclunun qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” 14 iyun 1994-cü il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-469/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilərək mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İcra sənədi üzrə tələbkar X2 şikayətə qarşı etirazını onunla əsaslandırmışdır ki, 8(103)-432/2024 saylı iş üzrə Borclu ilə aralarında bağlanmış borc müqaviləsi üzrə borc məbləğini vaxtında geri qaytarmadığı üçün o, Suraxanı Rayon Məhkəməsinə müraçiət etmiş, Suraxanı Rayon Məhkəməsi 14 fevral 2024-cü il tarixli 2(010)-464/2024 saylı qətnamə qəbul etmiş və məhkəmə qətnaməsinin icra olunması üçün Suraxanı İcra şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi qəbul edildiyi tarixdən 9 ay keçməsinə baxmayaraq Borclu müxtəlif bəhanələr gətirərək heç bir məbləğ ödəməmişdir. Məlumat üçün bildirir ki, Borclu uzun müddət Rusiya Federasiyasında yaşamış və orada əmək fəaliyyəti olmuşdur. Hazırda bir qardaşı və çoxlu sayda qohumları Rusiya Federasiyasında yaşayır, bizneslə məşğul olurlar. Onda əsaslı şübhələr var ki, Borclu ona olan borcu ödəməmək üçün Rusiyaya getməyi planlaşdırır. Qeyd etdiyi məlumat məhkəmə tərəfindən yoxlanıldığı təqdirdə də öz təsdiqini tapacaqdır. Belə ki, həmin məlumatları onun əldə etmək imkanım yoxdur. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Maddə 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Maddə 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli № 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat” Bənd 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X5 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35 Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-464/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 187.000 manat məbləğində pul vəsaiti və 477 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-464/2024- 011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-464/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması haqqında qərar və bildiriş xx.xx.2024-cü il tarixdə Borclu rəsmi qaydada təqdim edilmişdir. Təqdimata əlavə olunmuş elektron sistemdən çıxarışlardan görünür ki, Borclu adına hər hansı daşınar və daşınmaz əmlak olduğu müəyyən edilməmişdir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, şikayətində icra sənədini icra etməkdən yayınmadığını qeyd edən borclu icra sənədini, könüllü icra müddəti ərzində, üzürsüz səbəbdən tam icra etməmişdir. Kollegiya qeyd edir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Göründüyü kimi qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bu tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin vaxtında yerinə yetirilməsinə xidmət edir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra isə icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edərək dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərmək vəzifəsi daşıyır. Belə ki, icra sənədini icra etmək niyyətində olan borclu bilməlidir ki, icra sənədi tam icra edildikdən sonra məhdudlaşdırmanın götürülməsini icra məmurundan tələb etmək hüququna malikdir. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, icra sənədi üzrə borclu tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar