Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-434/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Tələbkar və vəkili X1 iştirakı ilə, Borclu tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-181/2020 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-96/2020 saylı qərardadından borclunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-181/2020 saylı qətnaməsinə əsasən cavabdeh Borclu vurulmuş maddi zərərin əvəzi olaraq 16000 manat, nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi üçün Hyundai Avto Azərbaycan Şirkətinə ödənilmiş 100 manat, hüquqi yardımın göstərilməsinə görə 710 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 16840 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 120 manat məbləğində pul vəsaitinin Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-181/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına 2 il müddətinə möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə çıxarıldıqdan sonra respublika ərazisində tətbiq edilən ümumi karantin rejimi ilə əlaqədar olaraq işləyə bilməmişdir. Həmin qətnamədə yol nəqliyyat hadisəsi zamanı onun xəsarət almağı öz əksini tapmışdır. Aldığı xəsarətlərə görə uzun müddət xəstəxanada stansionar formada müalicə almışdır və hazırda da səhhətində problemlər vardır. Belə ki, ayağında olan zədəyə görə uzun müddət ayaq üstə durmaq və gəzmək imkanı məhduddur. Bu səbəbdən işləmək və qətnamə üzrə borcunu ödəmək imkanından məhrum olmuşdur. Hazırda əmək qabiliyyəti yoxdur və “City Hospital” tərəfindən verilən arayışdan görünür ki, əmək qabiliyyətini müvəqqəti itirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-96/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar və vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Borclu məhkəməyə teleqram ünvanlayaraq, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının icrasına möhlət verilməsi mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Başqa sözlə, məhkəmə aktının icrasına möhlət verilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə, tələbkarın mənafeyinə uyğun gəlmir və bu baxımdan da tələbkarın mənafeyini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti dogrudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Kollegiya onu da nəzərə alır ki, hadisənin baş verməsindən təxminən 1 il 3 ay keçməsinə baxmayaraq, bu müddət ərzində Borclu vurduğu zərərin qismən də olsa aradan qaldırılması üçün heç bir addım atmamışdır. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(003)-96/2020 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-434/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-434/2020
19.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver