Məhkəmə qərarları › İş №8(103)-434/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-434/2025

25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-434/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatına baxılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 8(006)-300/2025 nömrəli qərardadından Tələbkar şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli e-2(009)-1023/2024 nömrəli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 81.000 manat həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 manat məbləğində pul tutulmalıdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan ünvan 2 üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e2(009)-1023/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 81.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 (səksən bir min üç yüz otuz üç) manat məbləğində pul tutulsun. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan ünvan 2 vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 8(006)-300/2025 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir. Hazırda Tələbkar həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. Qeyd edir ki, ipoteka ilə yüklü edilmiş kreditə görə banka olan borc 5000 manat təşkil edir. Mənzilin dəyəri isə 150000 manata yaxındır. Belə olan halda mənzilin üzərinə yenidən həbs qoyulmasına heç nə mane ola bilməz. 5000 manat ödənildikdən sonra Aidə Vəzirovna həmin mənzili dərhal özgəninkiləşdirə bilər və bundan icra məmurunun məlumatı ola bilməz. Qərardaddan verilmiş şikayət məhkəmənin 07 iyul 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinın xx.xx.2024cü il tarixli e-2(009)-1023/2024 nömrəli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 81.000 manat həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 (səksən bir min üç yüz otuz yü) manat məbləğində pul tutulmalıdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, icra sənədinin icrasının məqsədilə icraat başlanmışdır. Qərar xx.xx.2025-ci il tarixdə borcluya təqdim edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişinə əsasən, Borcluna tələbin könüllü icrasın məqsədilə bildiriş göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevə ünvanladığı ərizəsində göstərilmişdir ki, yeganə gəlir mənbəyi aldığı pensiya məbləği olduğu üçün, həmin məbləğdən hər ay 50% tələbkarın xeyrinə tutulmasına razıdır. Məhkəmə aktının icrası və onun mülkiyyətində olan ünvan 2 ünvanına Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiriylə həbs qoyulması ilə əlaqədar həmçinin bildirir ki, tələbin icrasının həmin mənzilə aşağıdakı səbəblərə görə yönələ bilməz. Belə ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 20-MCR-1-433-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini ipoteka saxlayana (ipoteka saxlayan, həm də kreditordur) ipotekaya verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli DA/01138/22 saylı ipoteka müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli DA/01138/22 saylı ipoteka müqaviləsinə əsasən Borclu ayrılan 100000 (yüz min manat) kredit limitinin təminatı kimi Borclu mülkiyyətində olan ünvan 2 ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(009)-218/2023 nömrəli qərardadına əsasən müvəqqəti təminat tədbiri kimi Borclu mülkiyyətində olan ünvan 2-in özgəninkiləşdirilməsi qadağan edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, həbs qoyulması xahiş olunan mübahisə predmeti olan mənzil öhdəliyin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, qanunvericiliyin tələbinə görə ilkin olaraq borclunun bank qarşısında öhdəliyinin təminatı qismində çıxış edir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı halda həbsin qoyulduğu halda belə, qərardad icrasız qalmaqla mənzilin satılmasının mümkün olmaması ilə nəticələnəcəkdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğrudur. Şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bankın tələbi təmin edildikdən sonra borclu onsuz da həmin əmlakın özgəninkiləşdirilməsinə nail ola bilməyəcəkdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(009)-218/2023 nömrəli qərardadına əsasən müvəqqəti təminat tədbiri kimi Borclu mülkiyyətində olan ünvan 2-in özgəninkiləşdirilməsi qadağan edilmişdir. Ona görə də bankın tələbi tam şəkildə ödənildikdən sonra ipotekaya xitam verildiyi halda, əsaslar olduğu təqdirdə mənzil üzərinə həbsin qoyulması məsələsi yenidən müzakirə oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinin siyahısına daxil edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsi ilə məcburi icra tədbirlərinin tətbiqinin əsasları müəyyən edilmişdir. Belə ki, məcburi icra tədbirinin tətbiqi üçün bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmalı, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməli və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. “İcra haqqında Qanunun 44.2-ci maddəsinə əsasən isə yuxarıda qeyd edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri əsaslı deyil, formal xarakter daşıyır və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2025 nömrəli 04 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar