Məhkəmə qərarları › İş №8(103)-435/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-435/2021

25.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-435/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(007)-157/2021 saylı qərardadından tələbkar X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin rəis müavini Ceyhun Mustafayev Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3548/2016 saylı, 10.08.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclu birgə nikahda olduğu Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızının adında olan (ümumi əmlak hesab edilən) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 3-cü yaşayış massivində 762, 765, 769, 790 və 817 saylı sahələrin bir hissəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 3548/2016 saylı, 10.08.2016-cı il tarixli icra sənədi ilə Borclu 141062 manat borc pul vəsaiti X2 xeyrinə tutulmalıdır. İcra zamanı Borclu tələbi könüllü müddət ərzində tələbi könüllü icra etməmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müxtəlif idarə və təşkilatlara sorğular göndərilmiş lakin Borclu məxsus daşınar-daşınmaz əmlak və qiymətli kağız aşkar edilməmişdir. Belə olan halda tələbin təmin olunması məqsədi ilə Borclu ümumi əmlakının olub-olmaması araşdırılmış və məlum olmuşdur ki, Borclu 10.04.2002-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində 04.04.1974-cü il təvəllüdlü Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızı ilə nikaha daxil olmuşlar. Araşdırma zamanı Borclu ilə Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızı birgə nikahda olan dövrdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 3-cü yaşayış massivində 762, 765, 769, 790 və 817 saylı sahələrin bir hissəsinin Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızının adına qeydiyyatdan keçdiyi məlum olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsini rəhbər tutaraq, borclunun nikahda olduğu müddətdə əldə etdiyi, Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızının adında olan əmlaklara həbs qoyulması zərurəti yaranmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(007)-157/2021 saylı qərardadı ilə təqdimat təmin olunmamışdır. Tələbkar X3 tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(007)-157/2021 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin 25 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)- 157/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadı mülki və prosessual hüquq normalarını kobud şəkildə pozduğundan ləğv edilməli və borclunun birgə nikah dövründə əldə etdiyi əmlakı üzərinə qoyulmuş həbs qüvvədə saxlanılmalıdır. Göründüyü kimi, hazırki iş üzrə Borclu ilə bağlanan borc müqaviləsinə əsasən o, tələbkara olan 140940 manat məbləğində borcunu 1 ay müddətində, yəni 2014-cü ilin noyabr ayında qaytarmalı olduğu halda, aradan 7 ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də qaytarmır, qaytarmaqdan imtina edir. Bu səbəbdən icra məmuru tərəfindən onun əmlakının üzərinə həbs qoyulmuşdur ki, icra vərəqini icra etmək mümkün olsun. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil şikayəti qəbul etməyib, birinci instansiya məhkəəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(007)-157/2021 saylı qərardadı ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qərardad qəbul olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsindən verilmiş 18.10 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 3-cü yaşayış massivində 762, 765, 769, 790 və 817 saylı sahələrin bir hissəsi 12 saylı DNK-da bağlanmış 18.11.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 06.12.22013-cü il tarixdə Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-371/2015 saylı iş üzrə qəbul etdiyi 07 yanvar 2015-ci il tarixli qətnamə ilə Borclu ilə Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızı arasında nikah pozulmuşdur. Məhkəmə qeyd etmişdir ki, üzərinə həbs qoyulması tələb olunan əmlak Borclu ilə Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızının birgə nikahda olan vaxt əldə olunsa da, hal hazırda ümumi mülkiyyətdə olan əmlak deyil. Belə ki, tərəflər arasında rəsmi nikah 2015-ci il tarixdə pozulmuş, Borclu isə qanunla müəyyən olunmuş 3 il müddətində həmin əmlakdan öz payını tələb etməmişdir. Məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə olunan əmlakdan payın tələb olunub-olunmamsı əmlakdan pay əldə etməmiş şəxsin(ərin və ya arvadın) müstəsna hüququdur və paylar müəyyən olunmamışdırsa ümumi birgə əmlak sayıla bilməz. Kollegiya hesab edir ki, məhkəmə təqdimatı düzgün olaraq təmin etməsə də, təqdimatın təmin edilməməsini düzgün əsaslandırmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. MM-nin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Göründüyü kimi, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə, onun kreditoru, yəni tələbkar borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Hazırki işdən görünür ki, üzərinə həbs qoyulması xahiş olunun torpaq sahələrinin bir hissəsi 12 saylı DNK-da bağlanmış 18.11.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 06.12.22013-cü il tarixdə Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızının adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Göründüyü kimi, həmin əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi üçün əmlak ərarvadın nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması müəyyən olunmalıdır. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Kollegiya hesab edir ki, bir hissəsi Nəsibova (Əfəndiyeva) Sevil Kamil qızının adına qeydiyyatdan keçmiş torpaq sahələrinin ümumi birgə mülkiyyət hesab edilməsi və bundan sonra ümumi əmlakdakı borclunun payına tutmanın yönəldilməsi üçün, icra məmuru deyil, tələbkar borclunun payının ayrılmasını tələb edə bilər. MM-nin 224.2-ci maddəsində isə payın naturada ayrılmasının qaydası müəyyən olunmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmadığından, qərardad ləğv olunmalı, təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(007)- 157/2021 saylı qərardadı ləğv edilsin, iş üzrə yeni qərardad qəbul edilsin. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin rəis müavini Ceyhun Mustafayev tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar