Məhkəmə qərarları › İş №8(103)-436/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-436/2020

22.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-436/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixdə qəbul etdiyi qərardaddan ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə X1 cəmi 60 030 manatın Tələbkar xeyrinə tutulması qət olunmuşdur. xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edən X3 həmin məbləği birdəfəyə ödəmək imkanının olmamasını bildirməklə icra sənədinin hər ay 2000 manat olmaqla hissə-hissə icrasına icazə verilməsini xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan şikayət verən X3 məhkəmənin onun maddi vəziyyətini nəzərə almadığını, habelə işin faktiki hallarını araşdırmadığını irəli sürmüş, qərardadın ləğv olunmasını və ərizəsinin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin təxminən 3,5 il ərzində icra olunması mənasına gəlir; bunu isə, qətnamənin qəbulundan keçən 3 ildən artıq vaxt da nəzərə alındığında, ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-389/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar