Məhkəmə qərarları › İş №8(103)-436/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-436/2025

25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-436/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsi məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022-029 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin adına olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsindəki 44 saylı evin 1-ci və 5-ci mənzillərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün borcluya xəbərdarlıq ünvanlanmaqla icra sənədlərinin və qanunvericiliyin tələbləri bir daha izah edilmiş, lakin borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək üçün Borclu MMC-nin adına olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsindəki 44 saylı evin 1-ci və 5-ci mənzillərinin üzərinə həbs qoyulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-215/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu MMC şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə formal olaraq şirkətə məxsus olan, faktiki isə mövcud olmayan əmlak üzərinə həbs qoymuşdur. Belə ki, məhkəmə təqdimata baxarkən MPM-nin 157.2-ci maddəsinin maddi şərtləri və 157.3 və 157.4-cü maddələrin prosessual şərtləri pozulmuşdur. Nəticədə hüquqi nəticə doğurmayan və funksional olmayan bir tədbir seçmişdir. Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). Tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir( maddə 45.7). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, habelə tələbkarın mənafeyini nəzərə alaraq, icra məmurunun təqdimatına əsasən borcluya məxsus əmlakların üzərinə həbs qoymaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar