Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-437/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(004)-414/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərardaddan iş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən “xxxxxxxxx” ASC-nin verdiyi şikayətə, həmin Bankın nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(004)-6460/2018) üzrə verilmiş icra vərəqəsinə əsasən Borclu 159.800 ABŞ dolları məbləğində pulun tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi əsasında icra hərəkətlərini həyata keçirən Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Əyyubov təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət edərək Borclu məxsus olan “Mersedes Benz” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu qətnaməni könüllü olaraq icra etmir. Aparılmış müvafiq araşdırılmalar nəticəsində müəyyən edilmişdir ki, borclunun adına qeydiyyatda olan avtomobil var. Tələb həmin avtomobilə yönəldilə bilər, çünki tələbin yönəldilə biləcək borclunun digər əmlakı yoxdur. Bu məqsədlə avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimatı təmin etmiş, avtomobilin üzərinə həbs qoymuşdur. İş üzrə tərəf olmayan, lakin qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən Bank qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil Bank ilə (hazırki iş üzrə borclu) Borclu arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi” əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Avtomobil satıldığı halda, satışdan əldə oluna biləcək pul vəsaiti ancaq Banka olan borcun ödənilməsinə kifayət edəcək, hazırki iş üzrə tələbkarın borunun ödənilməsi üçün geriyə vəsait qalmayacaqdır. Rayon Məhkəməsi, şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (maddə 45.1.). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (maddə 45.6.). Tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır (maddə 48.1.). Girov qoyulmuş əmlak girovsaxlayanda olduqda, o, özünün tələbinə nisbətən üstün olan digər tələbləri həmin əmlakın dəyərindən çox olmayan həcmdə təmin etməyə borcludur (maddə 48.2.). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 7.3-ci maddəsinə görə isə, ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi Bank tərəfindən verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Belə ki, icra məmuru mübahisəli avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə ona görə müraciət etmişdir ki, icra sənədi könüllü icra müddəti ərzində icra edilməmiş və icra tələbinin yönəldilə biləcəyi başqa əmlak aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli avtomobilin üzərinə həbs qoyulması xeyrinə ipoteka ilə yüklü edilmiş Bankın mənafeyini pozmur. Çünki avtomobilə həbs qoyulsa da Bankın avtomobilin dəyərindən üstün qaydada təminat almaq hüququ var. Məhkəmə hesab edir ki, avtomobilin üzərinə həbsin qoyulmaması qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasız qalması ilə nəticələnə bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi təqdimatı təmin etməklə və bu barədə qəbul etdiyi qərardaddan maraqlı şəxs Bankın verdiyi şikayəti təmin etməməklə iş üzrə əsaslı və qanuni nəticəyə gəlmişdir. Qərardadı ləğv etmək üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxx” ASC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-437/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-437/2020
23.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver