Məhkəmə qərarları › İş №8(103)-437/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-437/2021

25.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-437/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadından Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Səbail rayon məhkəməsinin 2(009)-407/2020 saylı, 02.03.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında 14.08.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsi onun iddiasını qismən təmin edərək, onun adının 28.02.2019-cu il tarixli 551 saylı Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona "xxxx" BOKT QSC ilə onun adına rəsmiləşdirilmiş 16.01.2015-ci il tarixli, 125357/15 saylı kredit müqaviləsi üzrə 1903,28 (bir min doqquz yüz üç manat iyirmi səkkiz qəpik) manat məbləğində kompensasiya hesablanmasının cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsinə dair 02.03.2020-ci il tarixli 2(009)- 407/2020 saylı qətnamə qəbul etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin sözügedən qətnamənin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon icra və Probasiya şöbəsi icraata başlamaq haqqında 14.05.2020-ci il tarixli qərar qəbul etmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankına tələbin könüllü icrası haqqında 14.05.2020-ci il tarixli bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı şəhəri Nəsimi rayon icra və Probasiya şöbəsinə göndərdiyi 10.08.2020-ci il tarixli 16- 03976-2020 saylı məktubda Bakı şəhəri Səbail rayon məhkəməsinin sözügedən qətnaməsinin icra olunduğunu, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 04.08.2020-ci il tarixli 06-00383-2020 nömrəli məktub göndərildiyini, qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi rayon icra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 14.08.2020-ci il tarixli qərar qəbul etdiyini bildirmişdir. Bundan sonra o, sözügedən kompensasiya məbləğinin ona ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmiş, həmin müraciətlə bağlı Nazirlik tərəfindən ona göndərilmiş 17.03.2021-ci il tarixli 13/05-186-1869 nömrəli cavab məktubunda qeyd etmişdir ki, "..Bildiririk ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya ödənişlərinin həyata keçrilməsi üçün maliyyəşmə 2019-cu il ərzində həmin ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təqdim edilən müvafiq sifarişlər əsasında təmin edilmişdir. Həmçinin bildirir ki, sonrakı illərin, o cümlədən cari ilin dövlət büdcəsində problemli kereditlər üzrə kompensasiyaların ödənilməsi üçün müvafiq vəsait nəzərdə tutulmamışdır". Göründüyü kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi faktiki olaraq Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(009)-407/2020 saylı qətnaməsini icra etmir və etmək niyyətində də deyil. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ona göndərilmiş 17.03.2021-ci il tarixli, 13/05-186-1869 nömrəli cavab məktubunda qeyd edilir ki, sonrakı illərin, o cümlədən cari ilin dövlət büdcəsində problemli kereditlər üzrə kompensasiyaların ödənilməsi üçün müvafiq vəsait nəzərdə tutulmamışdır. Halbuki "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir və həmin kompensaiyiya ödənişlərinin bankların vəsaiti hesabına deyil, dövlətin dəstəyi ilə həyata keçrilməsi nəzərdə tutulmuşdur. Eləcə də həmin fərmanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Fərmandan irəli gələn digər tədbirlər görməsi tapşırılmışdır. Beləliklə o, sözügedən Fərmanın təsir dairəsinə düşsə də, kompensasiya ala bilmir Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-105/2021 saylı, 19.05.2021-ci il tarixli qərardadı ilə tələbkar E.V.İsmayılovun ərizəsinin təmin edilməsi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Səbail rayon məhkəməsinin 2(009)-407/2020 saylı, 02.03.2020- ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında 14.08.2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəisi vəzifəsini icra edən böyük icra məmuru X3 rayon Məhkəməsinin 8(009)-105/2021 saylı, 19.05.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, icra sənədində olan tələb tam şəkildə təmin edilmişdir, Mərkəzi Bankın üzərinə qoyulmuş öhdəlik yerinə yetirilmişdir. Əlavə pul məbləğinin ödənilməsi ilə bağlı hər hansı öhdəlik Mərkəzi Bankın üzərinə vəzifə olaraq qoyulmamışdır və icra vərəqəsində qeyd olunmamışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-105/2021 saylı, 30.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayəti əsassız hesab edərək, onun təmin edilməməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tələbkarın izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(009)- 407/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı X5 adının 28.02.2019-cu il tarixli 551 saylı Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyasına daxil edilməsi və ona «KredoAqro» BOKT ilə aralarında bağlanmış 16.01.2015-ci il tarixli, 125357/15/44 saylı kredit müqaviləsi üzrə 1.903,28 (bir min doqquz yüz üç manat iyirmi səkkiz qəpik) manat məbləğində kompensasiya hesablanmasının cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi qət edilmişdir. Təqdim olunmuş Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Qulubəylinin 14 avqust 2020-ci il tarixli qərarından görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-407/2020 saylı, 02.03.2020-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İcra məmuru ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 10.08.2020-ci il tarixli məktubundan görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Təqdim olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı 04.08.2020-ci il tarixli, 06-00383-2020 saylı məktubundan görünür ki, “Azərbaycan Respubiikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu i! 28 fevral tarixli 551 nömrəli Fərmanının (Fərman) tələblərinə müvafiq olaraq, 2019-cu ilin aprel ayından etibarən fiziki şəxslərin xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə hesablanmış kompensasiyaların ödənilməsinə başlanılmışdır. Ötən il ərzində 600 minə yaxın şəxsə 639,1 mln. manat məbləğində kompensasiya ödənişi üçün vəsait ayrılmışdır. Fərmanla kompensasiya ödənişləri ilə bağlı hər hansı müddət məhdudiyyəti nəzərdə tutulmadığından, vətəndaşların kompensasiya məsələləri ilə əlaqədar müraciətləri cari il ərzində də Mərkəzi Banka daxil olmaqda davam edir. Eyni zamanda, Fərmandan irəli gələrək mübahisəli məsələlərlə bağlı vətəndaşların xeyrinə qəbul edilmiş məhkəmə qərarları icra edilməsi məqsədilə səlahiyyətli məhkəmə orqanları tərəfindən Mərkəzi Banka göndərilir. Bu günə qədər daxil olan məhkəmə qərarları ilə 19 fiziki şəxsə 35.9 min manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28.11.2019-cu il tarixli 1616 nömrəli Sərəncamına əsasən ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti dövründə, habelə qeyd olunan Sərəncamla müvafiq səlahiyyətlər Mərkəzi Banka verildikdən sonrakı müddət ərzində Fərmanın tətbiqi ilə bağlı müraciətlərə baxılması və mübahisəli məsələlərin araşdırılması məqsədilə Apelyasiya Komissiyası (Komissiya) fəaliyyət göstərmişdir. Komissiya tərəfindən aparılmış dəqiqləşdirmələr əsasında 01.07.2020-ci il tarixinə 193 fiziki şəxs üzrə 326.8 min manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməli olduğu müəyyən edilmişdir. Hazırda Komissiyanın icraatında 1500-dən çox müraciət, aidiyyəti məhkəmələrin icraatında isə 300-dən çox iş vardır ki, bundan irəli gələrək növbəti kompensasiya ödənişləri üçün tələb olunan vəsait barədə əlavə məlumat veriləcəkdir. Bununla yanaşı, banklar tərəfindən fiziki şəxslərə kompensasiya olunmuş, lakin Fərman çərçivəsində maliyyələşdirilməsi aparılmamış ödənişlərlə bağlı Mərkəzi Banka "xxxx" ASC-dən 24 min manat, “Expressbank" ASC-dən 6.4 min manat, “X13 Azərbaycan" QSC-dən 73 min manat olmaqla, ümumilikdə 103.4 min manat məbləğində vəsaitin ayrılmasına dair müraciətlər daxil olmuşdur. Beləliklə, Fərmandan irəli gələn kompensasiyaların verilməsinin təmin edilməsi məqsədilə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan ödənişlərin cəm məbləği 466.1 min manat təşkil edir. Yuxanda qeyd olunanları nəzərə alaraq, ümumilikdə 466.1 min manat məbləğində vəsaitin ayrılması məsələsinə baxılması xahiş olunmuşdur. Təqdim olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının Səbail rayon Məhkəməsinə ünvanladığı 10.08.2020-ci il tarixli, 16-03976-2020 saylı məktubundan görünür ki, Səbail rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(009)-407/2020 saylı qərarı üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmuş vəzifə icra edilmiş, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq hesablanmış kompensasiyaları alacaq fiziki şəxslərin siyahısı həmin Fərmanın 3.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, icra işi üzrə icraata xitam verilməsi barədə təqdimata baxilarkən ilk növbədə icra sənədinin real icra edilib-edilmədiyini yoxlanılmalıdır. İşdə olan sənədlərdən və icra işindən görünür ki, icra sənədi üzrə icraata xitam verilməsinə kifayət qədər əsas olmamışdır, belə ki, iddia tələbi üzrə 1.903,28 (bir min doqquz yüz üç manat iyirmi səkkiz qəpik) manat məbləğində hesablanmış kompensasiya tələbkara ödənilməmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Ona görə də şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneə törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun Ş.C.İsmayılzadənin şikayəti üzrə 13.02.2007-ci il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olur. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri ıhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (hornsbi Yunanıstana qarşı iş üzrə 19.03.1997-ci il tarixli qərar) Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin qərardadından verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-105/2021 saylı saylı, 19 may 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar