Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-439/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Tələbkarlar Tələbkar Fərəməz qızının və X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-395/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadından tələbkarlar Tələbkar Fərəməz qızı, X8 və X11 tərəfindən birgə verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9387/2015 saylı, 21.12.2015-ci il tarixli qətnaməsinin hissəhissə, hər ay 500 (beş yüz) manat olmaqla icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9387/2015 saylı, 21.12.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 X7 xeyrinə 23.500 manat, Tələbkar Fərəməz qızının xeyrinə 35.600 manat, X4 xeyrinə 7000 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti təmin edilməmiş, məhkəmə qətnaməsi qüvvədə saxlanılmışdır. Borclu məhkəmə hökmü ilə cəza çəkmiş, az müddət əvvəl cəza çəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Ağır xəstə olduğundan iş tapıb işləyə bilmir. Heç bir qazancı yoxdur, maddi vəziyyəti ağırdır. Bu səbəbdən qətnaməni birdəfəlik icra edə bilmir. Hər ay yalnız 500 manat ödəniş edə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-395/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadı ilə X1 ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9387/2015 saylı, 21.12.2015-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi, X2ndan ödənilməmiş 66.100 manat puldan qərardad qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 500 (beş yüz) manat tutularaq, Tələbkar Fərəməz qızına, X6 və X9 ödənilməsi qərara alınmışdır. Qərardaddan tələbkarlar Tələbkar Fərəməz qızı, X8 və X11 birgə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı barədə hər hansı rəsmi qaydada nə ünvana məktub gəlmiş, nə də elektron qaydada sms bildiriş göndərilməmişdir. Belə olan halda hakim kobud prosessual pozuntuya yol verərək tələbkarların məhkəmə iclasında iştirakını təmin etmədən borclunu maraqları naminə hissə-hissə ödənilməsi barədə qərar qəbul etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-395/2021 saylı iş üzrə 30 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının tələbkarlar Tələbkar Fərəməz qızı və X11 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq qeyd etdilər ki, qətnamənin hissəhissə icra edilməsi ilə qətiyyən razı deyillər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar X8 və X2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Qeyd olunan şəxslər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-395/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və va onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fıziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın da mənafeyini nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Həmin Qərara əsasən borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. İş materiallarından görünür ki, hazırkı vaxta qədər X2 2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9387/2015 saylı, 21.12.2015-ci il tarixli qətnamə üzrə hər hansı ödəniş etməmişdir. Borclunun hazırkı mövqeyi, yəni tələb edilən pulun hissə-hissə olmaqla, hər ay 500 manat ödənilməsi icra sənədinin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarların isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə bu günə kimi hər hansı ödəniş edilmədiyində və borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməsi üçün əsaslar olmadığından, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-395/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir.. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkarlar Tələbkar Fərəməz qızı, X8 və X11 tərəfindən birgə verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-395/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-439/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-439/2021
25.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver