Məhkəmə qərarları › İş №8(103)-441/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-441/2020

21.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-441/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-917/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2390/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi X2 mülkiyyətində olan “VAZ 2107” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2390/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən, cavabdeh X6 62934 AZN əsas borc və 20 AZN dövlət rüsumu tutulmalı, həmin məbləğ X4 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 21 saylı evin, 69 saylı mənzilinə yönəldilməli və həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və əldə edilmiş vəsaitdən kredit borcu və dövlət rüsumu "xxxxxxxxx" ASC-nə ödənilməlidir. X1 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 21 saylı evin, 69 saylı mənzilinə olan pasport qeydiyyatı ləğv edilməklə həmin mənzildən çıxarılmalıdır. Nəsimi rayon icra şöbəsinin xx/xx-5335/3 saylı, xx.xx.2013-cü il tarixli məktubu əsasında məlum olmuşdur ki, X5 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 21 saylı evin, 69 saylı mənzil 50.000 AZN-nə satılmışdır. Hazırkı qalıq ödənilməmiş qalıq məbləğ 12954 AZN təşkil edir. İcra sənədi icraata xx.xx.2013-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs X2 əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş və Azərbaycan Respublikası DİN Baş Dövlət X11 xx.xx.2017-ci il tarixi məktubuna əsasən X2 mülkiyyətində olan “VAZ 2107" minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə borclu X3 mülkiyyətində olan “VAZ 2107” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Maraqlı şəxs məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə borclu X3 mülkiyyətində olan “VAZ 2107” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Ərizə onunla əsaslandırılmışdır ki, avtomobil 2011-ci ildən etibarnaməyə əsasən onun istifadəsindədir, lakin əmlakın üzərində həbs olduğu üçün sənədləşmə apara bilmir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-917/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Maraqlı şəxs həmin qərardaddan verdiyi şikayət isə məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərəkbaxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazimi qaydada məlumatlandırılmış tələbkar, borclu, həmçinin icra orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs isə məhkəməyə teleqram ünvanlayaraq pandemiya ilə əlaqədar risk qrupuna daxil olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, “VAZ 2107” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir və Maraqlı şəxs həmin avtomobilə dair etibarnamə verilmişdir. Aşağıda şərh olunanlara əsasən kollegiya, Maraqlı şəxs həmin etibarnamə əsasında sözügedən avtomobilə sahib olmasının hüquqi nəticələri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni hesab edir. Belə ki, Mülki Məcəllənin 181.1 və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2007-ci il tarixli fərmanı ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” təsdiq edilmişdir. Buna görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutmaqla hesab edir ki, avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan onun alqı-satqısına dair müqavilələr notariat qaydasında bağlanılmalıdır. Mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi isə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Həmin etibarnamə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi yalnız özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir. Beləliklə, avtomobilin üzərinə həbs qoyulması nəticəsində bir qayda olaraq mülkiyyətçinin hüquqlarının pozulmasından söz edilə bilər. Maraqlı şəxsə münasibətdə isə yalnız etibarnamə ilə mülkiyyətçi tərəfindən ona verilmiş sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması mümkündür ki, kollegiyanın qənaətinə görə iş üzrə belə məhdudlaşdırma da mövcud deyildir. Belə ki, işin hallarından da müəyyən olunduğu kimi, məhkəmə yalnız avtomobilin üzərinə həbs qoyulması məzmununda qərardad çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-917/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar