Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-441/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X2, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2159/2016 saylı, 26.01.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Məmməd Bayramovun təqdimatına baxılmasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 8(004)- 1580/2018 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Məmməd Bayramov təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2159/2016 saylı, 26.01.2016-cı il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu icra vərəqəsinin tam icrası təmin edilənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2159/2016 saylı, 26.01.2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu və X1 2996,33 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar ASC-nin xeyinə ödənilməlidir. İş üzrə Borclu 15.03.2016-cı il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 8(004)-1580/2018 saylı qərardadı ilə təqdimat təmin edilərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda borclu həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və məhdudiyyətin aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, icra vərəqəsi üzrə borcdan qismən ödəniş edilmişdir, bu məqsədlə onun əmək haqqına tutma yönəldilmişdir. Məhkəmənin 02.12.2016-c il tarixli qərardadı ilə mülkiyyətində olan “QAZ 3110 101” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuşdur. İcra vərəqəsi üzrə banka olan borcu 1498,16 manatdır və hesab edir ki, bu borcu ödənilməsi üçün avtomobilinə yönəldilməsi kifayətdir. Barəsində iki məcburi icra tədbirinin görülməsi onun hüquqlarını pozur. Məhkəmənin 02.08.2021-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmayaraq, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Tələbkarın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış icra şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün onun tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməlidir. Bu halda icra məmuru məhkəməyə əsaslandırılmış təqdimat verə bilər. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2159/2016 saylı, 26.01.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu və X1 2996,33 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyinə ödənilməlidir. Borclu tərəfindən verilmiş şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Yasamal Rayon Məhkəməsinin 02.12.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus “QAZ 3110 101” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bundan başqa, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin borclunun iş yeri olan “Sədərək” firmasına göndərilmiş 28.12.2020-ci il tarixli məktubundan görünür ki, borclunun əmək haqqında tutma yönəldilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən yuxarıda qeyd olunan hallar, görülmüş icra tədbirlərinin nəticələri araşdırılmadan təqdimat təmin edilmişdir. Borcluya məxsus avtomobilin üzərinə həbs qoyulduğu, icra sənədi icra olunması üçün onun iş yerinə göndərildiyi halda, əlavə olaraq hazırki tədbirin görülməsinin zəruriliyi əsaslandırılmamışdır. Odur ki, Kollegiya hesab edir ki, qərardad ləğv edilərək, sadalanan hallar nəzərə alınaraq təqdimata yenidən baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 8(004)-1580/2018 saylı qərardad ləğv edilsin və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Məmməd Bayramovun təqdimatına yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-441/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-441/2021
30.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver