Məhkəmə qərarları › İş №8(103)-441/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-441/2025

13.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-441/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2213 saylı icra sənədi üzrə tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən 2021-ci ilin 18 iyul tarixindən 2022-ci ilin iyun ayınədək (alimentin tutulmasının başlanması tarixinədək) yığılan 19967,08 manat borca 18 iyul 2021-ci il tarixindən 2023-cü ilin sentyabr ayınadək, yəni həmin borcun ödənilməsinə başlanıldığı tarixədək hər gün üçün dəbbə pulunun hesablanması və 2023-cü ilin sentyabr ayınadək olan müddət (2 il 2 ay) üçün indeksasiya olunub tələbkara ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Borclu nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iş üzrə icraatın dayandırılması hissəsindən şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 8(005)-1/2025 saylı qərardadın ləğv olunaraq, mülki iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında ekspertiza təyin olunmasının əsası kimi Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov tərəfindən tələbkarın nümayəndəsinə göndərilən xx.xx.2025-ci il tarixli, 179700/20-03A-719 saylı məktubunda borclunun icra sənədi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 19.967,08 manat məbləğində aliment borcunun yaranması və həmin borcun ödənilməsinin xx.xx.2023-cü il tarixdən başlanılmasının göstərilməsini əsas tutmuşdur. Lakin bildirir ki, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov yuxarıda göstərilən məktubla əlaqədar Quba rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı vəkil sorğusuna cavab verərək, bildirmişdir ki, yuxarıdakı məktubda göstərilən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün hesablanmış 19.967,08 manat aliment borcu icra məmuru tərəfindən hesablanaraq, barəsində aliment borcu barədə qərar qəbul edilmiş xx.xx.2023cü il tarixdə hesablanmış 44.979 manat və xx.xx.2024-cü ildə hesablanmış 30.823 manat məbləğlərinin tərkibinə daxildir. Həmçinin sorğuya cavabda göstərilir ki, tərkibinə 19.967,08 manat aliment borcu daxil olan xx.xx.2023-cü il tarixdə hesablanmış 44.979 manat və xx.xx.2024-cü ildə hesablanmış 30.823 manat məbləğlərinin hesablanması barədə icra məmurunun qərarları Quba rayon məhkəməsinin müvafiq olaraq xx.xx.2023-cü il tarixli, 8(027)-434 saylı qərarı və xx.xx.2024-cü il tarixli, 8(027)-202 saylı qərardadları ilə ləğv olunmuşdur və göstərilən məhkəmə qərardadları qanuni qüvvəsini almışdır. Deməli, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün hesablanmış 19.967,08 manat aliment borcunun olması barədə icra məmurunun məktubunu məhkəmə sübut kimi qəbul edə bilməzdi. Çünki, bu məktubu verən icra məmuru elə özü sorğuya cavabında bu məbləğin də tərkibinə daxil olduğu aliment borcu hesablanması barədə qəbul etdiyi qərarların məhkəmə tərəfindən ləğv olunduğunu bildirir. Yuxarıda göstərdiyi vəkil sorğusuna cavabı, həmçinin göstərilən bütün məhkəmə qərarlarını Nərimanov rayon məhkəməsinə təqdim etmişdir. Həmçinin bildirir ki, aliment borcu cavabdehin əmək haqqına və digər gəlirlərinə yönəldildiyindən, alimentin tutulub, tələbkara ödənilməsi işəgötürən tərəfindən həyata keçirilir. Yəni, istənilən halda bu səbəbdən alimentin tutulmasının gecikdirilməsinə görə məsuliyyəti cavabdeh daşıya bilməz. Məhkəmə iclaslarında tərəfindən göstərilən sübutlar təqdim olunmasına və müvafiq izahatlar verməsinə baxmayaraq, hakim bunları nəzərə almadan iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Bildirir ki, ekspertiza o halda təyin oluna bilərdi ki, aliment borcunun yaranmasına və bu borcun cavabdehin təqsiri üzündən yaranmasına əsaslı şübhələr olaydı. Lakin, yuxarıda göstərdiyi səbəblərdən cavabdehin aliment borcu yaranmasında təqsiri olmasından söhbət belə gedə bilməz və bu halda alimentin ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun və indeksasiya məbləğinin müəyyənləşdirilməsi üçün ekspertizanın təyin olunması absurd xarakter daşıyır. Yuxarıda göstərdiyi hallar nəzərə alınmadan ekspertiza təyin olunması və iş üzrə icraatın ekspertiza keçirilməsi dövründə dayandırılması ekspert rəyi təqdim olunduqdan sonra, iş üzrə icraat bərpa olunduqda və yuxarıda göstərdi, ərizəçinin tələbinin əsassız olması barədə hallar təsdiq olunduğunda, ekspertiza dövründə iş üzrə icraatın dayandırılmasının əsassız olduğunu sübut edəcək və nəticə etibarı ilə bu hal işə baxılmanın süni şəkildə gecikdirilməsinə gətirib çıxaracaq. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. X1 nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ünvanlayaraq etirazı onunla əsasalandırmışdır ki, cavabdehlə aralarında olan nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və 3 azyaşlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa ayda 136,60 manat, mənə isə azyaşlı uşağın 3 yaşa çatanadək saxlanması üçün ayda 100 manat cavabdehdən tutulub mənə ödənməsi qət edilmişdir. Qeyd etdiyi qətnamə AR MPM-yə görə dərhal icra olunmalı olduğu halda bu haqda icra məmuru qərar qəbul etsə də cavabdehin icra məmuruna təzyiqi nəticəsində icra olunmamışdır. Cavabdeh qeyd etdiyi qətnamə qanuni qüvvəyə mindikdən 4 ay sonra apellyasiya şikayəti vermiş (guya Abşeron rayon Məhkəməsinin məlum qətnaməsindən xəbəri olmayıb) Sumqayıt Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Latifə Məmmədova. Qətnamə iş materiallarında var). şikayət ərizəsini geri qaytarmaq əvəzinə onu icraata qəbul etmiş və Abşeron Rayon Məhkəməsinin qətnaməsini dəyişərək (Uşaq hüquqları haqqında Avropa Konvensiyasının məlum qərarına və “Uşaq hüquqları haqqında” AR Qanununa istinad etməklə), hər uşağa verilən alimenti 136 manatdan 110 manata endirmiş, mənə verilən 100 manatı isə ləğv etmək barədə yeni qətnamə qəbul etmişdir. Nikah pozulmazdan əvvəl atası (nümayəndəsi) cavabdehin əmisi (ağsaqallı) ilə görüşərək razılığa gəlmişdilər ki, nikah pozulmadan cavabdeh uşaqlarına ev alsın, bəlkə sonradan aralarında barışıq oldu. Lakin cavabdeh buna razı olmamış əmlak məsələlərini həll etmək üçün məhkəməyə müraciət etməyi israr etmişdir. Cavabdeh özü isə bu ərəfədə adına olan əmlakları özgəninkiləşdirməyə (adına olan bahalı avtomobili baldızının adına keçirmiş, müqavilə ilə adına olan bina evindəki mənzili atasının adına keçirmiş, Quba şəhərində olan bahalı həyət evinə çıxarışı atasının adına almış, və s.) başlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək istəyərkən dəyəri 1 milyon manatdan çox olan birgə yaşayış dövründə əldə olunmuş əmlakın bölünməsi barədə gələcəkdə də (əmlak bölgüsü barədə artıq Quba, Xaçmaz və Abşeron Rayon Məhkəmələrinə iddia ərizələri ilə müraciət etmişdim) əmlak iddiası tələbi irəli sürməməyi müqabilində 150.000 manat pul təklif etmiş, mən də 3 azyaşlı uşaqla evsiz-işsiz qaldığını nəzərə alıb, onunla razılaşmış və bu barədə saziş Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə də (Bu sənəd iş materiallarında mövcuddur) təsdiqlənmişdir. 2020-ci ilin yanvar ayından Şimal bölgəsində icbari tibbi sığorta tətbiqi ilə əlaqədar cavabdehin rəsmi əmək haqqısında artım olduğundan (özünün etiraf etdiyinə görə rəsmi əmək haqqından əlavə gündə 2000-3000 manat pul qazanıb və indi də qazanır) aliment miqdarının dəyişdirilməsi barədə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 14 avqust tarixli qətnaməsi ilə cavabdehin qazancının (digər gəlirlərinin) üçdə bir hissəsinin tutulub aliment şəklində ödənməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin hazırlıq iclası keçirilməmişdən 1 gün əvvəl cavabdehin vəkili etibarnaməni məhkəməyə təqdim etmiş, vəkili və cavabdeh özü məhkəmə baxışı barədə rəsmi məlumatlandırılmışlar. Lakin onların heç biri məhkəmə iclaslarında qəsdən iştirak etməmişlər. O zaman qüvvədə olan AR MPM-nin 233.1-ci maddəsinə görə məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra ( sonradan “qəbul edildiyi” sözləri “rəsmi qaydada” verildiyi sözləri ilə əvəz edilmiş və bu Qanun 2021-ci ilin oktyabr ayının 1-dən qüvvəyə minmişdir) qüvvəyə mindiyindən məhkəmə icra vərəqini Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərmiş, icra məmuru 28 oktyabr 2020-ci ildə qətnamənin icraya yönəldilməsi barədə qərar qəbul etmiş, cavabdehə qətnamənin icra edilməli olduğu barədə bildiriş göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən 4 ay keçdikdən sonra cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh Quba rayonu Alekseyevka kəndində yaşadığı halda apellyasiya şikayətində ünvanını 40 il əvvəl oradan çıxdığı Quba rayonu Rustov kəndini göstərmiş, məhkəmədən onunla yazışmaları Corat kəndinə – hansısa ünvana göndərilməsini qeyd etməklə, telefon nömrəsini də ərizəsində göstərmədən AR MPM-nin 149-cu maddəsinin tələblərini pozmaqla apellyasiya şikayəti vermişdir. Məqsəd də o olmuşdur ki, gələcəkdə məhkəmələrdə süründürməçiliyə yol verməklə, məhkəmə bildirişlərinin ona çatmadığını bəhanə edib saysız-hesabsız, əsassız şikayətlər versin. Bakı Apellyasiya Məhkəməsi nəhayət 24 aprel 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bundan sonra cavabdeh və vəkili saysızhesabsız, əsassız kasassiya şikayətləri vermiş, ərizələri dəfələrlə geri qaytarılmış, lakin məhkəmə bildirişlərində göstərilən səhvlər düzəldilmədən yeni şikayətlər vermişlər. Nəhayət AR Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra icra vərəqi əsasında 2022-ci ilin iyun ayından cavabdehin gəlirinin üçdə bir hissəsi aliment olaraq tutulmağa başlanmışdır. İcra məmuru alimentin hesablanmasını birinci instansiya məhkəməsi qətnaməsinin qüvvəyə mindiyi vaxtdan hesablanması barədə qərar qəbul etmiş və borcun 44.979 manat olmasını müəyyən etmişdir. Bu zaman icra məmuru vasitəsilə cavabdeh bu məbləğ əvəzinə 30.000 manat verməyə hazır olduğunu bildirmiş və buna razı olmuş, lakin qəbul edilməz şərtlər qoyduğuna görə bu təklif qəbul olunmamışdır. Cavabdeh və vəkili yenə də əsassız kassasiya şikayətləri verməkdə davam etmişlər. Şikayətlərin əsassız olduğu AR Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(102)-2271/023 saylı qərarında, həmin qərarın 10-cu bəndində də öz əksini tapmışdır. Bundan sonra Quba Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadla əslində hələ 2009-cu ildə MPM-dən çıxarılmış MPM-nin 232.2-ci maddəsinə istinad edərək ədalətsiz qərardad qəbul edərək, apellyasiya şikayəti ilə ləğv edilməmiş qətnamənin apellyasiya instansiyası məhkəməsinin qərar qəbul etdiyi andan qüvvəyə minməsi barədə qərar qəbul etmişdir. Bu, ədalətsiz, qanunsuz qərar olsa da, Azərbaycan Respublikası adından çıxarıldığından mən bu qərarla razılaşmışdır. Lakin bundan sonra da cavabdeh yığılan borcun ödənilməsindən imtina etmiş, hər yolla (haqsız şikayətlərlə) borcu ödəməkdən qəsdən yayınmışdır. Yığılan borcun indeksasiya olunması və dəbbə pulunun hesablanması barədə 2023-cü ilin fevral ayında Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2025-ci il tarixli qərardadla tələbim rədd edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(103)- 142/2025 saylı qərardadı ilə apellyasiya şikayətim ədalətli olaraq təmin olunmuş və işə yenidən baxılıb araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İş üzrə haqlı olaraq Məhkəmə-mühasibat ekspertizası təyin etmək barədə qərardad qəbul edilmişdir. Qeyd etdiklərinə və iş materiallarında olan sənəd-sübutlara əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Əks təqdirdə bu “Uşaq hüquqları haqqında Avropa Konvensiyası”nın və “Uşaq hüquqları haqqında” AR Qanununa zidd olardı, uşaqların qanunla qorunan hüquqları, mənafeləri pozulardı. Onu da qeyd etmək istəyirəm ki, 2017-ci ilin sentyabr ayından - cavabdehin ləyaqətsiz hərəkətləri səbəbindən evimizin uşaqlarla birlikdə yandırılacağından ehtiyat edərək evdən çıxdığı andan indiyə qədər nə cavabdeh, nə də ki, yaxın qohumları (baba, nənə və s.) uşaqların taleləri ilə maraqlanmayıblar, uşaqlarla heç bir ünsiyyət də olmayıblar, hətta ölüm yatağında olan (vəfat edən) azyaşlı oğlumla vidalaşmaq üçün qohumlar vasitəsilə onlara xəbər göndərsə də uşaqla görüşməkdən imtina etmişlər, heç uşaq öləndə də onlara bildirməməyi tələb etmişdilər. Ata insanlıqdan nə qədər uzaq olmalıdır ki, doğma övladına qarşı belə bir hərəkət etsin. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh Borclu apellyasiya şikayətinə qəti etirazını bildirirəm və məhkəmədən onun şikayətini təmin etməməyi xahiş edirəm. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər; 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılır; Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspertin rəyi təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı işin həlli üçün zəruri olduğundan və xüsusi bilik tələb etdiyi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilmiş və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar