Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-442/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 8(004)-477/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1980-ci il tarixdə anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 12.04.2021-ci il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3707/2020 saylı, 10.09.2020-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 320 manat aliment borc tutularaq X1 ödənilməlidir. İş üzrə Borclu 12.04.2021-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 8(004)-477/2021 nömrəli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3707/2020 saylı, 10.09.2020-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində xx.xx.1980-ci il tarixdə anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 8(004)- 477/2021 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, təqdimatın təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3707/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsini mübahisələndirmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıldıqdan sonra, aliment üzrə öhdəliklərini icra etməyə başlamışdır. Hazırda da ödənişlərini davam etdirir. Ona görə də hesab edir ki, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tam əsassızdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətini müdafiə edərək, hal-hazırda da ödənişlərini davam etdirdiyini, müəyyən edilmiş aliment məbləğini vaxtlı-vaxtında icra etdiyini bildirərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 8(004)-477/2021 saylı qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Kollegiya qeyd edir ki, Borclu verdiyi şikayətə əlavə etdiyi qəbzlərdən görünür ki, o, aliment borcundan müəyyən ödənişlər etmiş, eləcə də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında hazırda da ödənişləri davam etdirdiyini, müəyyən edilmiş aliment məbləğini vaxtlı-vaxtında icra etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 8(004)-477/2021 saylı qərardadı ləğv edilməli və yuxarıda qeyd edilən hallar araşdırılmaqla, təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 8(004)-477/2021 saylı qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-442/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-442/2021
24.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver