Məhkəmə qərarları › İş №8(103)-442/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-442/2025

26.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-442/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman qızı və X2 ibarət tərkibdə, 8(005)-517/2025 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2025-ci il tarixli qərardaddan iş üzrə X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2223/2024 saylı iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş “İcra vərəqəsinə” əsasən borclular (cavabdehlər) X7, X5 və X3 cəmi 6.939 manat məbləğində pul tutularaq iddiaçı (tələbkar) Tələbkar ödənilməlidir. Borclular ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, həmin qətnamənin onlar tərəfindən hissə-hissə, yəni hər ay tələbkara 150 manat ödəməklə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, borcluların maddi imkanı pisdir və bu səbəbdən onlar qətnaməni bir dəfəyə icra edib, həmin pul tələbkara ödəyə bilmirlər. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. X6 həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyini nəzərə alınmalıdır. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Borclunun ərizəsində qeyd edilmiş təklifdən işin hallarına yanaşdıqda müəyyən edilir ki, borclunun ərizəsi təmin olunarsa tələbkara münasibətdə qətnamə təxminən 4 ilə yaxın (təqribən 47 ay) ərzində icra olunacaqdır. Qətnamənin bu qaydada icra edilməsi tələbkarın mənafeyinin pozulması ilə nəticələnəcək, bu isə yolverilməzdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun ərizəsini və qərardaddan verilmiş şikayətini təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizənin təmin edilməsi və barəsində şikayət verilmiş qərardadın tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar