Məhkəmə qərarları › İş №8(103)-444/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-444/2020

27.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-444/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin «əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi» barədə təqdimatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(006)-39/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi «əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi» barədə təqdimatla birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 8(006)-7991/2014 saylı qərardadı ilə Borclu mülkiyyətində olan ünvan 1, 13 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə icraatına daxil olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6564/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən əsasən Borclu 177000 manat tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə iddianın təmini tədbiri kimi Borclu adına olan ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Borclu məxsus ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilin qiymətləndirilməsi üçün «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən mütəxəssis dəvət edilmiş və xx.xx.2017-ci il tarixli hesabata əsasən həmin mənzil 30000 manata qiymətləndirilmişdir. Həmin mənzil «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsini əsasən 177000 manat ümumi borcun 30000 manat hissəsi əvəzinə tələbkara təklif edilmiş və tələbkar göstərilən mənzili borc əvəzi qəbul etməyə razılığını bildirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən təqdimatın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(006)-39/2020 saylı qərardadı ilə (hakim Cəmilə Musayeva) təqdimat təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olması, mülki prosessual qanunvericiliyin tələblərinin pozulması, işə tələbkarın iştirakı olmadan baxılması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Tələbkar şikayətin dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu şikayətin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmaını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası şikayətə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinin tələbinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası izahatları dinləyib,şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki,işə tələbkarın iştirakı təmin olunmadan baxılmışdır.İşdə iştirak edən şəxslərin məhkəməyə çağrılmasının qaydaları isə MPM-in 134-138-ci maddələrində dəqiq tənzimlənmişdir. Belə ki, qeyd edilən hüquq normalarına əsasən, məhkəmə işdə iştirak edən şəxslərə, həmçinin məhkəmə bildirişini,məhkəmə aktlarını rəsmi qaydada verməlidir. Qeyd edilən məhkəmə sənədləri «Poçt haqqında»Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. İşdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədrinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə hakim Rəşid Səmədova verilmiş etiraz təmin olunmuş və iş baxılması üçün məhkəmənin digər hakimi Cəmilə Musayevanın icraatına verilmişdir. Bundan sonra məhkəmə iclası xx xxxx 2020-ci il tarixə, saat 15.20-yə təyin olunmuş, müvafiq bildiriş isə yalnız xx xxxx 2020-ci il tarixdə rabitə orqanına təqdim olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkəmə iclasına cəmi 4 gün qalmış tərəflərə bildiriş göndərmiş, işdə isə bildirişin tələbkara təqdim olunması və ya onun digər üsulla (elektron qaydada SMS və s.) məlumatlandırmasına dair hər hansı məlumat olmamışdır. MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə,tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 9.2-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa,məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. MPM-in 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O,öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla,sənədlərlə əsaslandırmalıdır.Məhkəmə,qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 387.2 və 387.2.2-ci maddəsinin tələbinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Göründüyü kimi, işə tələbkarın lazımi qaydada məlumatlandırılmaması nəticəsində, onun iştirakı olmadan baxılmışdır ki, bu hal qərardadın ləğv olunması üçün prosessual əsas təşkil edir. Eyni zamanda, birinci instansiya məhkəməsi apellyasiya instansiyasının əvvəlki göstərişlərini tərəflərin iştirakı tam və hərtərəfli araşdırmamışdır. Bununla yanaşı, işdən görünür ki, mübahisəli əmlak üzərinə həbs məhz işə mahiyyəti üzrə baxılarkən iddianın təmini tədbiri kimi qoyulmuşdur (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərardadı). MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. MPM-in 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Həmçinin, işdə olan «əmlakın borc tələbi əvəzinə tələbkarın adına rəsmiləşdirilməsi barədə» Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 13 saylı mənzilin Tələbkar adına rəsmiləşdirilməsi və dövlət reyetsrində müvafiq qeyd aparılmaqla çıxarışın verilməsinin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Göründüyü kimi, «İcra haqqında» Qanunun 53.1-ci maddəsinə əsasən mübahisəli əmlak borc əvəzinə tələbkara təklif olunmuş və təklif qəbul edilmiş, bu səbəbdən də icra qurumu tərəfindən müvafiq qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi icra məmurunun qeyd edilən qərarının hazırki vaxtda qüvvədə olub-olmamasını və onun icra vəziyyətini araşdırmamışdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hər bir tələbkarın maraqları və əmlak mülkiyyətçisinin mülkiyyət hüquqları tarazlaşdırılmış qaydada nəzərə alınmalı, bərabərlik və mütənasiblik prinsipi gözlənilməklə məsələlərə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. X2 Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən,şikayət qismən təmin edilməli,qərardad ləğv olunmalı, mülki iş təqdimata yenidən baxılması üçün irinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən qeyd edilən məsələlər işdə iştirak edən şəxslərin iştirakı ilə (dinlənilmə hüquqları təmin edilməklə) tam və hərtərəfli araşdırılmalı və onlara əsaslandırılmış qərardadla hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin «əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi» barədə təqdimatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(006)-39/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İşüzrəBakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(006)- 39/2020 saylı qərardadı ləğv edilsin, mülki iş təqdimata yenidən baxılması üçün həminməhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar