Məhkəmə qərarları › İş №8(103)-444/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-444/2021

07.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-444/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-414/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2528/2019 saylı, 04 fevral 2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR Azadlıq prospekti ev 188, mənzil 65-də qeydiyyatda olan Borclu 2.000 manat məbləğində pul tutularaq tələbkar dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, 07 mart 2019-cu il tarixdə icra məmuru Məhəmməd Qaragözov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov 01 iyun 2021-ci il tarixdə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2528/2019 saylı, 04 fevral 2019-cu il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu adına olan “Toyota Land-Cruiser” markalı, **-MZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2528/2019 saylı, 04.02.2019-cu il tarixli icra sənədinə əsasən Borclu dövlət büdcəsi xeyrinə 2.000 manat cərimə tutulmalıdır. İcra vərəqəsində göstərilən tələbi 10 (on) gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya bildiriş və qərar göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada tam təmin edilməmişdir. Ədliyyə Nazirliyinin “Elektron İcra” İnformasiya sistemininə edilmiş sorğu nəticəsində, Borclu məxsus “Toyota Land-Cruiser” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Ona görə də avtomobil üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-414/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadı ilə (Sədrlik edən hakim Nigar Nəbizadə) təqdimatın təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2528/2019 saylı, 04.02.2019-cu il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus “Toyota Land-Cruiser” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc məbləği həddində həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi, qərardadın icrasının Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-414/2021 saylı, 02 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-414/2021 saylı, 17 iyun 2021-ci il tarixli Qərardadı birtərəfli, yarımçıq, qeyri-obyektiv, maddi və prosessual hüquq normalarının, bilavasitə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9, 10, 14, 88-ci maddələrinin tələblərinin kobud surətdə pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi onun xəbəri və iştirakı olmadan işə baxmış, onu məhkəmə müdafiəsi hüququndan məhrum etmiş, tərəflərin çəkişmə prinsipini pozmuş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, nəticədə, məhkəmə tərəfindən onun hüquqlarının məhdudlaşdırılması barədə əsassız qərardad qəbul edilmişdir. Belə ki, iş materiallarından da görünür ki, icra sənədində ondan 2000 manat tələb olunmasına baxmayaraq, hazırki iş üzrə məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş avtomobilinin dəyəri 70.000-80.000 manat təşkil edir, qərardadda “avtomobilin üzrinə borc məbləği dəyərində həbs qoyulması” göstərilmişdir, lakin avtomobili bölünməzdir, onun 2000 manat dəyərində bir hissəsinin üzərinə həbs qoyulması, eyni zamanda 2000 manata görə 70.000-80.000 manat dəyərində avtomobilinin üzərinə həbs qoyulması qanuna uyğun deyil. Qeyd edir ki, 2000 manat dəyərində onun digər məişət əşyaları, əmlakları vardır, ona görə də hesab edir ki, təqdimat əsassızdır, icra məmuru 2000 manat dəyərində ona məxsus olan məişət texnikasının soyuducunun, televizorun və s. üzərinə həbs qoyulması barədə siyahı tərtib edib məhkəməyə təqdimat versəydi və məhkəmə ona məxsus olan 2000 manat dəyərində məişət əşyalarının və ya əmlaklarının üzərinə həbs qoyulması barədə qərardad Qəbul etsəydi daha məntiqli və qanuna uyğun olardı. Məhkəmə prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuş, onun xəbəri və iştirakı olmadan işə baxıb ziyanına əsassız qərardad qəbul etmişdir. Şikayətdə Binəqədi Rayon Məhkəməsinin 8(001)-414/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsi və təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində müvafiq qaydada xəbərdar edilmiş Borclu və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxıb qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-414/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2528/2019 saylı, 04 fevral 2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR Azadlıq prospekti ev 188, mənzil 65-də qeydiyyatda olan Borclu 2.000 manat məbləğində pul tutularaq tələbkar dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2528/2019 saylı, 04 fevral 2019-cu il tarixli icra sənədi Borclu tərəfindən könüllü olaraq icra edilmədiyindən, Borclu adına olan “Toyota Land-Cruiser” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması zəruri olduğundan, birinci instansiya məhkəməsinin Borclu şikayətin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası verilmiş şikayətin dəlillərini və işin faktiki halını nəzərə alaraq ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən borclunun əmlakına aşağıdakı hallarda həbs qoyulur. Həmin qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. 50.5. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra şöbəsinin nəzarəti altında onu sata bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Borclu şikayətində göstərdikləri, yəni 2000 manata görə 70.000-80.000 manat dəyərində sözügedən avtomobilin üzərinə həbs qoyulmasının qanuna uyğun olmaması, 2000 manat dəyərində onun digər məişət əşyalarının, əmlaklarının olması, məhkəmə ona məxsus olan 2000 manat dəyərində məişət əşyalarının və ya əmlaklarının üzərinə həbs qoyulması barədə qərardad qəbul etsəydi daha məntiqli olması və digər dəlilləri şikayətin təmin edilməsi və ona məxsus avtomobilin üzərindən həbsin götürülməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Borclu tərəfindən verilmiş şikayət formal mülahizələrdən ibarət olduğundan şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardadlar qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-414/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Bu baxımdan Borclu tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-414/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar