Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-445/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(008)-598/2021 iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Amil Əmirov təqdimatla Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 2(008)-3220/2019 saylı iş üzrə verdiyi 13.06.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar həmin icra sənədi üzrə borclu olan Borclu mülkiyyətində olan və Ucar şəhəri, Dədə Qorqud küçəsi, ev № 5-də yerləşən 8 №-li mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3220/2019 saylı iş üzrə qəbul etdiyi qətnamə əsasında verdiyi 13.06.2019-cu il tarixli icra sənədinə əsasən Borclu və digər şəxslərdən 13.000 ABŞ dolları və 530 manat məbləğində pul tutularaq tələbkarlar X2 və X1 ödənilməlidir. Borcluya könüllü icra ilə bağlı vaxt verilsə də, o, qətnaməni icra etməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, borclunun mülkiyyətində (yuxarıda qeyd edilən) mənzil var. Odur ki, məcburi icra təbirlərinin həyata keçirilməsi və tələbin əmlaka yönəldilməsi məqsədi ilə mənzilin üzərinə həbs qoyulmalıdır. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.10.2020-ci il tarixli qərardad ilə təqdimatı təmin edərək, yuxarıda qeyd edilən mənzilin üzərinə həbsin qoyulmasını qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.03.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 29.04.2021-ci il tarixli qərardad (İş № 8(103)-191/2021) ilə şikayətin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14.10.2020-ci il tarixli qərardadın ləğv edilməsini və təqdimata yenidən baxılması üçün iş materiallarını Rayon Məhkəməsinə qaytarılmasını qərara almışdır. Təqdimata yenidən baxmış Rayon Məhkəməsi iş üzrə qəbul edilmiş 18.06.2021-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsini və mənzilin üzərinə həbsin qoyulmasını qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 71 yaşlı Borclu səhhətində ciddi problemlər var, başqa yaşayış yeri yoxdur. Tutma mənzilə yönəldilərsə, o və yaşlı arvadı küçələrdə qalmağa məcbur olacaqlar. Rayon Məhkəməsi, şikayətə baxaraq iş üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və icra məmurunun təqdimatı təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun “Tələbin borclunun əmlakına yönəldilməsi” adlanan 4-cü Fəslinin mənasına görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (maddə 45.1.). İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir (maddə 45.2.). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (maddə 45.6.). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir (maddə 50.2.). Göründüyü kimi, tələb ancaq borcluya məxsus əmlaka yönəldilə bilər. İş materiallarından görünür ki, keçirilmiş icra tədbirləri nəticəsində borclunun adında ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil aşkar olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, icra məmuru borclunun əmlaklarının müəyyən edilməsi ilə bağlı həyata keçirmiş son sorğulanmanın tarixi 31.08.2020-ci il tarixi olmuşdur. Lakin apellyasiya baxışı iclasında iştirak etmiş tələbkar Aygün Qasımova tərəfindən Məhkəməyə təqdim olunmuş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” görünür ki, yuxarıda qeyd edilən mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi 31.03.2021-ci il tarixdə Aygün Qasımovanın adına qeydiyyata alınmışdır. Göründüyü kimi həmin mənzil Borclu məxsus deyil. Belə olan halda hesab edilməlidir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3220/2019 saylı iş üzrə qəbul etdiyi qətnamə əsasında verdiyi 13.06.2019-cu il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərin həyata keçirilməsi ilə əlaqədar həmin mənzilin üzərinə həbsin qoyulması mümkün deyil. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin “borclunun əmlakının üzərinə həbs qoyulması barədə” təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli qərardad ləğv edilsin. Sabunçu Rayon İcra və Probasiya şöbəsinin “borclunun əmlakının üzərinə həbs qoyulması barədə” təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Vəfaddin İbayev (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(103)-445/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-445/2021
27.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver