Məhkəmə qərarları › İş №8(103)-445/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-445/2025

29.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-445/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-228/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-7301/2017 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-228/2025 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-7301/2017 nömrəli qətnaməsi ilə xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,29 misli həddində indeksasiya olunmuşdur. Bu qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkarın ərizəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, 8(004)-228/2025 nömrəli Qərardad aşağıda qeyd etdyi səbəblərə görə qanunsuz və əsassızdır, bu səbəbdən ləğv olunmalı və tələbkarın həmin ərizəsi təmin olunmamalıdır. Belə ki, həmin qərardadın qəbul edilməsi üçün keçirilmiş məhkəmə baxışında tərəf olaraq onun iştirakı təmin edilməmiş və qəbul edilmiş qərardadın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, guya tərəf olaraq onun iştirakının təmin olunması üçün lazımi qaydada məlumatlandırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbə görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasının mümkün olması nəticəsinə gəlmişdir. Bununla bağlı bildirir ki, o, qeydiyyatda olduğu evi valideyini 15 il bundan qabaq satmış və həmin ev tanımadığı başqa şəxsin mülkiyyətinə keçmişdir. Bununla da belə nəticəyə gəlmək olur ki, o həmin ünvanda yaşamamış, belə olan halda, məhkəmə bildirişini də ala bilməzdi və almamışdır. Məhkəmə onun ünvanına göndərilən məhkəmə bildirşinin kötüyünə imza edən şəxsin onunla qohumluq əlaqəsinin olub olmamasını da aydınlaşdırmamışdır. Nəticədə məhkəmə onun iştirakını təmin etməmiş və bu səbəbə görə də o, MPM-nin 9-cu maddəsində qeyd edilmiş çəkişmə prinsipinə dair hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçinin ərizəsinin məzmunundan müəyyən etmək olmur ki, indeksasiya xx.xx.2017-ci il tarixdən və ya 2025ci ilin minimum əmək haqqı məbləği əsas götürülməklə tələb edilir. Həmin qərardaddan aydın olur ki, məhkəmə 2017-ci ilin yanvar ayından minimum aylıq əmək haqqının 116 manat olmasını nəzərə alaraq hesab etmişdir ki, təyin olunmuş 150 manat aliment 2017-ci il üçün minimum aylıq əmək haqqının 1,29 misli həddində indeksasiya olunmalıdır. Sual olunur, məhkəmə hansı səbəbdən ərizənin verildiyi tarix üçün deyil, yəni 2025-ci il üçün minimum əmək haqqını məbləğini və “X7”AR-sı qanununu əsas götürülməklə qərardad qəbul etməmişdir?! O, məhkəmə qətnaməsi ilə 2025-ci ilin fevral ayınadək aliment pullarını ödəmiş və heç bir aliment borcu qalmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-228/2025 nömrəli Qərardadının həm əsaslandırıcı, həm də nəticə hissəsindən müəyyən etmək olmur ki, məhkəmə həmin qərardadda indeksasiyanı 2017-ci il üçün minimum yaşayış üçün müəyyən edilmiş məbləğlə icra olunmasını həll edib, yoxsa 2025-ci ilin minimum əmək haqqı əsas götürülməklə! Göstərilənlərə əsasən hesab edir ki, uşağa görə ölkə üzrə minimum əmək haqlarının artması nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həcmində sabit pul məbləğində aliment tutulması haqqında qərardad qəbul edilməli idi. Azərbaycan Respublikasında 2025-ci il üçün “X7” (16 dekabr 2024-cü il № 96-VİİQ) Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Həmin qanunveriliyiliyin tələblərinə əsas götürülməklə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-228/2025 nömrəli qərardadı qanunu pozmaqla qəbul edilmiş və bu səbəbə görədə ləğv edilməli, ərizə təmin edilməməlidir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-228/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsaəsn alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir; 3-cü maddəsinə əsasən aliment indeksləşdirmənin obyektlərindən biridir; 4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-7301/2017 saylı qətnaməsi ilə Borclu X5 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmuşdur. 2017-ci ilin avqust ayından iddiaçının (tələbkarın) xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 116 manat olmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 1.29 (150:116) mislini təşkil etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazırki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı müəyyən edilən zaman həmin il üzrə (2017-ci il) müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir. Məhkəmə kollegiyası borclunun şikayətinə münasibətdə onu da vurğulayır ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir. Həmçinin, alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Məhkəmə borclunun ünvanla bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Briliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli arayışında onun Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində (keçmiş Xrebtoviy) yerləşən 111 saylı evdə qeydiyyatda olduğu, lakin evin satılması səbəbindən 2014-cü il tarixdən etibarən orada yaşamadığı qeyd edilmişdir. Başqa sözlə, yaşamasa da, borclu hazırda da həmin ünvanda qeydiyyatdadır. Bu səbəbdən şikayətdə də məhz bu ünvan göstərilmişdir. Borclunun faktiki ünvanı barədə məhkəmədə hər hansı məlumatın olduğu müəyyən edilmir. Məhkəmə də düzgün olaraq məhkəmə bildirişlərini məhz həmin ünvana göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-228/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar