Məhkəmə qərarları › İş №8(103)-446/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-446/2021

25.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-446/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-4/2021 saylı 22 iyul 2021-ci il tarixli qərardadından tələbkar Borclu4 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Tələbkar Borclu4 Bakı Apellyasiya Məhkəməsinin 23.07.2019-cu il tarixli 2(103)- 8410/2019 saylı qətnaməsi ilə Borclu1 tutulmalı olan 48000 manatın indeksasiyası olunması nəticəsində müəyyən olunmuş 90638,4 manatın onun xeyrinə tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 23.07.2019-cu il tarixli 2(103)-8410/2019 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 24.06.2015ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Borclu3 iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən sahəsi 36,48 m2 olan 2 otaqlı 1106 D saylı bağ evinə dair Borclu4la Borclu1 arasında 18.04.2008-ci il tarixdə Bakı şəhəri 14 saylı DNKda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Borclu1 bağ evinə görə ödənilmiş 48000 manat məbləğində pulun alınaraq Borclu4 ödənilməsi qət edilmişdir. Borclu1 alınaraq Borclu4 verilməli olan 48000 manat məbləğində pul vəsaiti 2008-ci ildə alqı-satqı müqaviləsi əsasında Borclu4 ödənilmiş olan vəsaitdir və həmin pul məbləğinin ödənilməsindən bu günədək 12 ilə yaxın müddət keçmişdir. Borclu tərəfindən qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunan məbləğ tələbkara ödənilməmişdir. Bu səbəbdən də qətnamənin icrası zamanı tələbkara ödənilməsi tələb olunan 48000 manat məbləğində pul vəsaitinin hazırkı dövrə olan real miqdarının müəyyən edilməsi üçün həmin pul məbləğinin müvafiq indeksasiyasının həyata keçirilməsi zəruridir. Dövlət Statistika Komitəsinin 29.03.2020-ci il tarixli məktubunda istehlak qiymətləri indeksinin 2020-ci ilin fevral ayında 2008-ci ilin dekabr ayına nisbətən 167,3% təşkil etməsi qeyd edilmişdir. Hazırkı iş üzrə məhkəmənin 11.02.2021-cı il tarixli qərardadı əsasında keçirilmiş ekspertizanın 20.04.2021-ci il tarixli rəyi ilə 48000 manat pul vəsaitinin 2008-ci ildən 23.07.2020-ci il tarixədək olan müddət ərzində əsas vəsaitlərin dəyərinin vaxtında qaytarılmamasına görə istehlak qiymətləri indeksi 188,83% dərəcəsi nəzərə alınmaqla 48000 manat məbləğ indeksasiya edilərək 90638,4 manat təşkil etməsi müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-4/2021 saylı 22 iyul 2021-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Borclu1 1296 manat Borclu4 xeyrinə tutulması, Borclu1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar Borclu4 şikayət verərək qərardadının ləğv edilməsinə və ərizənin tam təmin edilməsinə dair qəraradad qəbul edəilməsini, əks təqdirdə şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-4/2021 saylı 04 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-4/2021 saylı 22 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8410/2019 saylı 23.07.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.06.2015-ci il tarixli 2(001)-1483/2015 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı Borclu3 iddia tələbi təmin edilərək Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən yaşayış sahəsi 36,48 m2 -dən ibarət 2 otaqlı 1106 D saylı bağ evinə dair cavabdehlər Borclu1 ilə Borclu4 arasında 18.04.2008-ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda bağlanmış və 4Ə-243 saylı reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki qeyd bərpa edilməklə, Borclu4 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02.09.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və cavabdeh Borclu1 bağ evinə görə ödənilmiş 48000 manat məbləğində pulun alınaraq digər cavabdeh Borclu4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli 2(102)-7795/2019 saylı qərarından müəyyən olunur ki, cavabdeh Borclu4 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 23.07.2019-cu il tarixli 2(103)-8410/19 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8410/2019 saylı 23.07.2019-cu il tarixli icra sənədindən müəyyən olunur ki, Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən yaşayış sahəsi 36,48 m2 -dən ibarət 2 otaqlı 1106 D saylı bağ evinə dair cavabdehlər Borclu1 ilə Borclu4 arasında 18.04.2008-ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda bağlanmış və 4Ə-243 saylı reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli, əvvəlki qeyd bərpa edilməklə, Borclu4 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02.09.2008ci il tarixli MH seriyalı ******* saylı çıxarışın ləğv edilməli və cavabdeh Borclu1 bağ evinə görə ödənilmiş 48000 manat məbləğində pulun alınaraq digər cavabdeh Borclu4 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.04.2021-ci il tarixli 9/1539 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin stat.qov.az rəsmi internet səviyyəsindən alınan məlumatlara əsasən hazırkı ekspertiza tədqiqatı ilə ekspertiza qarşısında qoyulmuş sual üzrə Bakı Apellyasiya Məhkəməsinin 23.07.2019-cu il tarixli 2(103)-8410\2019 saylı qətnaməsinə əsasən Borclu4 xeyrinə Borclu1 tutulmalı olan 48000 manat pul vəsaitinin 2008-ci ildən 23.07.2020-ci il tarixədək olan müddət ərzində əsas vəsaitlərin dəyərinin vaxtında qaytarılmamasına görə istehlak qiymətləri indeksi 188,83% dərəcəsi ilə nəzərə alınmaqla 48000 manat məbləği indeksasiya edilərək 90638,4 manat və eyni zamanda 23.07.2019-cu il tarixdən 23.07.2020-ci il tarixədək olan dövr ərzində əsas vəsaitlərin dəyərinin vaxtında qaytarılmamasına görə istehlak qiymətləri indeksi 102,7% dərəcəsi ilə nəzərə alınmaqla 48000 manat məbləği indeksasiya edilərək 49296,0 manat təşkil etməsi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2.-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3.-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İstinad olunan prosessual normaların tələbindən müəyyən olunur ki, qətnamənin icrası zamanı məhkəmə aktı ilə tutulmalı olan pul məbləğinin müvafiq indeksasiyasının həyata keçirməsi mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərərəti yaranır. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının 17.06.1992-ci il Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, borclu M.N. Məmmədov qanuni qüvvəsini alan Bakı Apellyasiya Məhkəməsinin 23.07.2019-cu il tarixli 2(103)-8410/2019 saylı qətnaməsini icra etməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktı ilə Borclu1 tələbkar Borclu4 xeyrinə tutulmalı olan 48000 manat pul vəsaiti 2008-ci ildən 23.07.2020-ci il tarixədək olan müddət ərzində, istehlak qiymətləri indeksi 188,83% dərəcəsi nəzərə alınmaqla, artması nəticəsində 90638,4 manat, 23.07.2019-cu il tarixdən 23.07.2020-ci il tarixədək olan dövr ərzində istehlak qiymətləri indeksi 102,7% dərəcəsi nəzərə alınmaqla artması nəticəsində 49296,0 manat təşkil edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib haqlı olaraq hesab etmişdir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından, tələbkarın qanuni qüvvəsini alan məhkəmə aktı ilə tutulması müəyyən edilən pul vəsaitinin indeksasiya edilməsi tələbi əsaslıdır. Məhkəmə eyni zamanda haqlı olaraq hesab etmişdir ki, tərəflərin ərizəsi üzrə işə baxan məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirmək hüququna malik olduğundan ərizə qismən təmin edilərək Borclu1 tələbkar Borclu4 xeyrinə 23.07.2019-cu il tarixdən 23.07.2020-ci il tarixədək olan dövr üçün 1296 manat (49296-48000=1296) tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin qismən təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8410/2019 saylı qətnaməsi 23.07.2019-cu il tarixdən qəbul edildiyindən məhkəmə də haqlı olaraq tutulmalı məbləği 23.07.2019-cu il tarixdən, məhkəməyə müraciət tarixinədək, yəni 23.07.2020-ci il tarixinədək ödənilməli pul məbləğin indeksasiyası həyata keçirmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-4/2021 saylı 22 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar Borclu4 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-4/2021 saylı 22 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar