Məhkəmə qərarları › İş №8(103)-447/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-447/2024

16.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-447/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3257/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə ərizəsinə dair icraat üzrə (Açar sözlər: qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3257/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə ərizəsinə dair icraat üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 517/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMCdən 177.134 (bir yüz yetmiş yeddi min yüz otuz dörd) manat pul və ödənilmiş 467,15 (dörd yüz altmış yeddi manat on beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3257/2024 saylı qətnaməsinə əsasən apellyasiya şikayətinin qismən təmin olunması, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-623/2024 nömrəli qətnaməsinin inflyasiyaya görə 44.904 manat tutulması hissəsində ləğv olunması və həmin hissədə tələbin təmin edilməməsi, qətnamənin tutulmalı olan ümumi pul məbləğinə aid hissədə dəyişdirilərək həmin məbləğin 132.230 (yüz otuz iki min iki yüz otuz) manat müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Borclu "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ağır maddi vəziyyətini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3257/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 127000 manatın hissə-hissə ödənilməklə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə qədər dövrdə "xxxx" MMC tərəfindən Tələbkar 5000 manat ödənilmişdir, hazırda "xxxx" MMC-nin Tələbkar 127000 manat borcu qalmışdır. Mağazanın icarə haqqına görə borc Covid-19 pandemiyası dövründə yaranmışdır, belə ki, Covid-19 Pandemiyası dövründə hər yer bağlandığı üçün onların icarəyə götürdükləri mağaza uzun müddət bağlı qalmış, onlar işləyə bilməmişlər, bu səbəbdən icarə haqqını ödəyə bilməmişlər və "xxxx" MMC-nin borcu yaranmışdır. Sonra tələbkar onları mağazadan çıxarmış və onlar uzun müddət işsiz, fəaliyyətsiz qalmışlar, maddi imkanları həddən artıq dərəcədə çətinləşmişdir. Bütün bunlara baxmayaraq "xxxx" MMC məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu ödəməkdən yayınmır, sadəcə olaraq Covid-19 Pandemiyası dövründə hər yer, o cümlədən Tələbkar "xxxx" MMC-yə icarə verdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mağaza bağlandığı üçün və bu səbəbdən "xxxx" MMC işləyə, fəaliyyət göstərə bilmədiyi üçün cəmiyyətin maddi imkanları çətinləşmişdir, bu səbəbdən hazırki mərhələdə 127000 manat borcu birdəfəlik ödəmək iqtidarında deyil.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-517/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 3257/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə ərizəsinin təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, borclu "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3257/2024 saylı qətnaməsinin hissəhissə icra edilməsi barədə ərizəsində icra sənədi üzrə ödənilməmiş 127000 manat borcun hissə-hissə hansı məbləğdə ödənilməsini qeyd etməsə də, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 127000 manat borcunu hər ay 1000 manat olmaqla hissə-hissə ödəyə bilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 3257/2024 saylı icra vərəqəsi ilə tutulması müəyyən edilən ödənilməmiş 127000 manat məbləğin hər ay 1000 manat məbləğində olmaqla 127 ay müddətində hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Borcun 127 ay müddətində ödənilməsi icra sənədinin ağlabatan müddət kimi qəbul edilməsi mümkün olmayan uzun müddət ərzində ödənilməsi ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə hesab etmişdir ki, ərizə təmin edilə bilməz

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

7. Borclu "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə xx.xx.2024-cü il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 517/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Tələbkar 5000 manat ödənilmişdir, hazırda "xxxx" MMC-nin Tələbkar 127000 manat borcu qalmışdır. Mağazanın icarə haqqına görə borc Covid-19 Pandemiyası dövründə yaranmışdır, belə ki, Covid-19 Pandemiyası dövründə hər yer bağlandığı üçün onların icarəyə götürdükləri mağaza uzun müddət bağlı qalmış, işləyə bilməmiş, bu səbəbdən icarə haqqını ödəyə bilməmiş və bu səbəbdən də icarə pulu kimi "xxxx" MMC-nin borcu yaranmışdır. Sonra tələbkar onları mağazadan çıxarmış və bu səbəbdən uzun müddət işsiz, fəaliyyətsiz qalmış, maddi imkanları həddən artıq dərəcədə çətinləşdirilmişdir. Bütün bunlara baxmayaraq bildirmişdir ki, "xxxx" MMC məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu ödəməkdən yayınmır. Əlavə olaraq bildirir ki, Covid19 Pandemiyası dövründə hər yer, o cümlədən Tələbkar "xxxx"MMC-yə icarəyə verdiyi Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyevküçəsi, 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi bağlandığı üçün və bu səbəbdən "xxxx" MMC işləyə, fəaliyyət göstərə bilmədiyi üçün cəmiyyətin maddi imkanları çətinləşmişdir, bu səbəbdən hazırki mərhələdə 127000 manat borcu birdəfəlik ödəmək iqtidarında deyil. Tələb olunan borc məbləgi də , borc müqailəsi ilə və ya hər hansı digər tələb ilə əlaqədar yaranmamışdır, tələbkara tərəfindən hər hansı qeyri qanuni hərəkətlər etməmiş , həmin məbləğ il ərzində tələbkara məxsus olan mağazanın icarə pullarının tərəflərindən vaxtında ödənilməməsi səbəbindən irəli gəlmişdir. İllər boyu həmin magazanı işlətmiş, icarə pullarını vaxtı - vaxtında ödəmiş , lakin yuxarıda göstərilən səbəblərdən alqı -satqı fəaliyyətindən gəlirləri olmadığından belə bir çətinliyə düşmüşlər.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-517/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-517/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından borclu "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə tərəfindən verilən şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

13. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə (qərarın 12-ci bəndi), işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 3257/2024 saylı icra sənədinə cavabdeh "xxxx" MMC-dən 132.230 manat pul və ödənilmiş 467,15 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir.

16. Borclu "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə ərizə ilə müraciət edərək hazırda qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş edir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Baxılan iş üzrə borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün maddi vəziyyətinin pis olması barədə, borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə (qərarın 12-ci bəndi), işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır.

21. Göründüyü kimi, icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarla bağlı meyara cavab verməməklə tələbkarın hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

22. Odur ki, Kollegiya hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən əsaslarla ərizəni təmin etməməkdə haqlı olmuşdur.

23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-517/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar