Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-448/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, icra sənədi üzrə borclu, ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraata başlamaq haqqında” qərarından verdiyi şikayətə dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından “xxxxxxxxx” ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcra sənədi üzrə icraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarından icra sənədi üzrə borclunun – Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, icra məmuru “icra sənədi üzrə icraata başlamaq haqqında” qərarı məhkəmənin veridiyi icra sənədi üzrə qəbul edib. İcra sənədi Nəsimi Rayon Məhkəməsi tərəfindən 2(006)-2497/2019 nömrəli mülki iş üzrə xx.xx.2019-cu il tarixdə verilib. İcra sənədinə görə yaşayış evi üzərində ipotekaya xitam verilməli və o, ipoteka yüklülüyündən azad edilməlidir. İcra məmuru icra sənədini aldıqda onun 2 davranış imkanı olur: 1) üç gün müddətində icra sənədi üzrə icraata başlamaq; 2) üç gün müddətində icra sənədini qaytarmaq. İcra sənədi üzrə icraata başlamanın əsasları “İcra haqqında” Qanunun 8-ci maddəsində, icra sənədinin qaytarılmasının əsasları isə həmin Qanunun 9-cu maddəsində müəyyən olunub. Əgər icra sənədinin qaytarılması üçün əsas yoxdursa icra məmuru icra sənədi üzrə icraata başlamalıdır. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Hazırkı işdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul etməsi onu təsdiq edir ki, o, icra sənədinin qaytarılması üçün əsas müəyyən etməyib. Borclu isə şikayətində icra sənədinin qaytarılmasına əsas olan hər hansı halı göstərməyib. Borclunun şikayətinin dəlillərini ümumiləşdirdikdə onları 2 yerə bölmək olar: 1) icra sənədində əks olunmuş göstərişlərin əsassız olması; 2) icra sənədi üzrə icraatın dayandırılmalı olması. 1-ci dəlilə münasibətdə məhkəmə qeyd edir ki, icra sənədi məhkəmə qərarına əsasən verilib və icra sənədində yazılmış göstərişlər məhkəmə qərarının göstərişlərdir. Həmin göstərişlərin əsaslılığı qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə qərarından şikayət verilməsi ilə mübahisləndirilə bilər. 2-ci dəlilə münasibətdə məhkəmə qeyd edir ki, əgər icra sənədi üzrə icraatın dayandırılması üçün əsas varsa, dayandırma barədə qərar yalnız icra sənədi üzrə icraat başlandıqdan sonra qəbul edilə bilər. Başqa sözlə, başlanmayan icraat dayandırıla bilməz, icraatın dayandırılması üçün əvvəlcə icraatın özü olmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-448/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-448/2020
23.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver