Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-45/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin «icraata başlama haqqında» xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)-813/2020 saylı qərardadından borclu ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5187/2019 saylı icra sənədinə əsasən «xxxx» ASC ilə X4 arasında imzalanmış xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsi ləğv edilməli, X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində olan 51 saylı evin 50 saylı mənzili girovdan azad edilməlidir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin (icra məmuru İsmayıl Babayev) «icraata başlamaq haqqında» xx.xx.2020-ci tarixli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5187/2019 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Borclu ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi və icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi icra edilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru İsmayıl Babayev xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edərək xx.xx.2020-ci il tarixli məktubla cavabdehə tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərmişdir. Lakin icra məmurunun icraata başlamaq haqqında qərarın qəbul olunması və tələbin könüllü icra edilməsilə bağlı bildirişin göndərilmə tarixlərindən də göründüyü kimi, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinin tələbləri pozulmuşdur. Hesab edir ki, icra məmurunun qərarı qanunsuz və əsassızdır, iş üzrə cavabdeh «xxxx» ASC-nin qanuni maraq və mənafelərinə ziddir. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)- 813/2020 saylı qərardadı ilə (hakim Ayaz Məmmədov) şikayət təmin olunmamışdır. Qərardaddan narazı olan borclu ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ondan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayətin dəlilləri əsasən birinci instansiya məhkəməsinə təqdim edilmiş şikayətlə eynilik təşkil etmiş, əlavə olaraq, tələbkarın bank qarşısında hələ də kredit öhdəliyinin qalması və s. ilə əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətdən aydın olur ki, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5187/2019 saylı icra sənədinə əsasən «xxxx» ASC ilə X4 arasında imzalanmış xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsi ləğv edilməli, X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində olan 51 saylı evin 50 saylı mənzili girovdan azad edilməlidir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin (icra məmuru İsmayıl Babayev) «icraata başlamaq haqqında» xx.xx.2020-ci tarixli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5187/2019 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Borclu ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu icra məmurunun icraata başlamaq haqqında həmin qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi şikayəti təmin etməmişdir. «İcra haqqında» Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Bu hal icra məmurunun qanundan irəli gələn vəzifəsi kimi müəyyən edilmişdir. Şikayətdə icra icraatının dayandırılmalı olması qeyd edilsə də, həmin məsələ İcraata başlamaq haqqında qərardan şikayət verilməsi yolu ilə həll oluna bilməz (İcra sənədi üzrə icraatın dayandılması əsasları və qaydası «İcra haqqında» Qanunla dəqiq tənzimlənmişdir). Göründüyü kimi, şikayəti əsaslandırmamış, şikayətdə göstərilən dəlillər qərarın ləğvinə əsas təşkil etmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin «icraata başlama haqqında» xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəyə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)-813/2020 saylı qərardadından verilmiş borclu ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)-813/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-45/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-45/2021
02.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver