Məhkəmə qərarları › İş №8(103)-454/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-454/2021

31.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-454/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Apelyasiya Məhkəməsinin 2(103)-972/2016 saylı, 26 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh X3 8.342 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2(103)-972/2016 saylı, 26 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən icraya yönəldilmişdir. X2 ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli 2(005)-4636/2015 nömrəli qətnaməsi və həmin tarixli icra vərəqəsinə əsasən, iddiaçı X13 ödənilməli olan puldan qalan 8.342 (səkkiz min üç yüz qırx iki) ABŞ dolları (ödənildiyi günə olan məzənnəsi 14.181 (on dörd min yüz səksən bir) manat qalıq borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X12 ərizəni onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli 2(005)-4636/2015 nömrəli qətnaməsi ilə ondan 5.000 manat əsas borc və 15.872 ABŞ dolları pulun tutularaq iddiaçı X13 ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və indiyə qədər ödəmələrdən sonra 8.342 ABŞ dolları ödənildiyi günə olan məzənnəsi 14.181 (on dörd min yüz səksən bir) manat qalıq borcu yaranmışdır. Son vaxtlar yaranmış maliyyə çətinlikləri ilə bağlı qalıq 8.342 ABŞ dolları borcun ödənilməsində gecikmələr və çətinliklər yaranmışdır. Ona görə də qalıq borcun tam ödənilməsinin mümkün olmaması səbəbindən qalıq borcu yalnız aylar üzrə hissə-hissə ödəmək imkanı vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı ilə (Sədrlik edən hakim Vüqar Quliyev) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli 2(005)4636/2015 nömrəli qətnaməsinin hissəhissə icra edilməsinə dair X2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. X2 həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Son vaxtlar yaranmış maliyyə çətinlikləri ilə bağlı tələbkar X7 qalıq 8.342 ABŞ dolları borcun ödənilməsində gecikmələr və çətinliklər yaranmışdır. Ona görə də, qalıq borcun bir dəfəyə tam ödənilməsinin mümkün olmaması səbəbindən qalıq borcun məhkəmə qərarı əsasında Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinin tələblərinə əsasən aylar üzrə hissə-hissə ödənilməsi təmin edilsin. Hesab edir ki, məhkəmənin qəbul etdiyi qərardadı əsaslı deyil və ləğv edilməklə ərizəsi təmin edilməlidir. Öncə məhkəmə ərizəsinə iştirakı olmadan baxmış və bu barədə xəbərdar edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22.05.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin 7211 nömrəli 30.08.2016-cı il tarixli İcraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-972/2016 saylı 26.01.2016-cı il tarixli İcra sənədinə əsasən, X2ndan 8.342 ABŞ dolları pul ödənildiyi günə manata olan məzənnəsi ilə X1 xeyrinə ödənilməlidir. Məhkəmə hesab etmiş ki, qətnamənin qəbul edilməsində artıq 4 ildən çox müddət keçmiş, borclunun ərizəsinin təmin edilməsi tələbkarın mənafeyinə uyğun deyil və ona görə də ərizə təmin edilməməlidir. Qalıq borcunu ödəməkdən qəsdən boyun qaçırmır və borcu aylıq qrafik üzrə hissə-hissə ödəmək imkanı vardır. Şikayətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində müvafiq qaydada xəbərdar edilmiş X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən X12nin iştirakı olmadan işə baxıb qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, tələbkar X8 X12 tərəfindən verilmiş şikayətə qarşı etiraz etdiyini bildirdi, şikayətin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-972/2016 saylı, 26 yanvar 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh X3 8.342 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçı X6 ödənilməsinin qət olunmasını, X12nin qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, qətnamə hissə-hissə icra olunarkən tələbkarın da mənafeyinin nəzərə alınmalı olmasını və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməməsini əsas götürərək ərizənin təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 231-ci maddəsini tətbiq etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyul 1997-ci il tarixli, 2 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, qanunvericilikdə qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-972/2016 saylı, 26 yanvar 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh X3 8.342 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-972/2016 saylı, 26 yanvar 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsində göstərilən tələbi könüllü icra etmək üçün borcluya 10 gün müddət verilmiş, lakin müəyyən edilmiş vaxtda icra vərəqəsində göstərilən tələb borclu tərəfindən icra edilməmişdir. İcra sənədi üzrə tələb edilən məbləğin hissə-hissə ödənilməsi tələbkarın narazılığına səbəb olacaqdır ki, bu da yolverilməzdir. Belə ki, qətnamənin hissə-hissə icrasını xahiş edən şəxs olan X12 qətnamə ilə qət edilən pul məbləğini tələbkara ödəmək əvəzinə, icra sənədinin hissə-hissə icra edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin uzun müddət ərzində icrası deməkdir ki, bu da tələbkarın hüquqlarını pozur, onu məhkəmə qətnaməsindən gözləyə biləcəklərindən məhrum edir. Bu baxımdan, məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardadlar qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Bu baxımdan X2 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar