Məhkəmə qərarları › İş №8(103)-454/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-454/2023

21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-454/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatının təmin edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərardadından borclunun nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 30 000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb X2 ödənilməli olduğunu, xx.xx.2021-ci il tarixdə icra şöbəsinə daxil olmuş icra sənədi üzrə tələbin könüllü icrası üçün borcluya bildiriş göndərilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq onun icranı qismən təmin edərək 30 000 manat ödəniş etdiyini, lakin 12 352,94 ABŞ dolları borcunun qaldığını, “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş məlumatlara əsasən borclunun adında daşınar və daşınmaz əmlakın aşkar edilmədiyini, hər hansı əmək haqqı, pensiya və sosial müavibnət almadığının müəyyən olunmadığını bildirmiş, buna görə də “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə və ya birinci instansiya məhkəməsi) 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. Məhkəmə hesab etmişdir ki, icra məmuru tərəfindən təqdimatla müraciət olunmazdan əvvəl borclunun əmlakının müəyyən edilməsi üzrə zəruri tədbirlər görülmüş və borclu şəxsin adında hər hansı əmlak aşkar edilməmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, icra sənədi üzrə tələbi yerinə yetirmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Həmin qərardaddan borclunun nümayəndəsinin (vəkilinin) verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, borclu icra sənədinin icrası ilə bağlı tələbkara 30 000 manat ödəmiş, tələbkar notarial təsdiqli ərizə verərək qalan borcu tələb etməyəcəyini bildirmiş, lakin məhkəmə bu halı nəzərə almadan onun ölkədən getmək hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, mübahisələndirilən qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu 30 000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb X2 ödənilməsi qət olunmuş, qətnamə xx.xx.2021-ci il tarixdə icraya yönəldilmiş, icra icraatı dövründə Borclu tələbkara 30 000 manat ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən borclunun hərəkəti ilə onun barəsində görülən tədbir, yəni ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında ədalətli balansın gözlənilib-gözlənilməməsinə, bu tədbirin icra sənədinin qismən icra olunmamasından ibarət hərəkətə adekvat tədbir olub-olmamasına, eləcə də borclunun Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü hissəsində təminat verilən azadlıq hüququnun pozulub-pozulmamasına qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü hissəsinə görə, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə görə də, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. “İcra haqqında” Qanunun 82.1-ci və 82.3-cü maddələrinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Həmin Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Battista İtaliyaya qarşı” iş üzrə 2 dekabr 2014-cü il tarixli qərarının 42-ci bəndində göstərmişdir ki, bütün hallarda, daxili hakimiyyət orqanları şəxsin öz ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyətin əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırılmış və işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz. Bu nəzarət məhkəmə hakimiyyəti tərəfindən normalda ən azından son qərar verilməzdən öncə təmin edilməlidir, belə ki, bu nəzarət müstəqilliyin, qərəzsizliyin və prosedurların qanuniliyinin ən yaxşı təminatıdır. Məhkəmə nəzarətinin müddəti məhkəməyə bütün elementləri, o cümlədən, məhdudlaşdırıcı tədbirin proporsionallığı ilə bağlı faktorları nəzərə almaq imkanı verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi oxşar hüquqi mövqeni bir sıra digər qərarlarında da nümayiş etdirmişdir. Məsələn, “Qraf, Van Löven və X5rşı” və Sisanis Rumıniyaya qarşı işlər bu qəbildəndir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədinin əhəmiyyətli hissəsini icra etmiş borclunun icra sənədini icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilmədiyini nəzərə almamış, inzibati tənbeh tədbirləri görülmədən birbaşa onun ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi tədbirin tətbiqinin vaciblyini, eləcə də demokratik cəmiyyətdə bunun zəruriliyini əsaslandırmamış, onun irəli sürdüyü – tələbkarın qalan borcu tələb etməyəcəyi ilə bağlı notarial təsdiqli ərizə verdiyi – arqumenti araşdırmamışdır. Buna görə də kollegiyanın qənaətinə görə mübahisələndirilən qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə, tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-489/2023 saylı iş üzrə 31 oktyabr 2023-ci il tarixli qərardadı ləğv olunaraq iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar