Məhkəmə qərarları › İş №8(103)-455/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-455/2020

02.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-455/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından X1nun vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-270/2019-013 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Xətai rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Rəhimov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, bu qərar ilə icra sənədi üzrə icraata başlanaraq, ona və “xxxxxxxx” MMC-yə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, təmin edilmədikdə borclunun əmlakının siyahıya alınması və əmlak üzərinə həbs qoyulması qərara alınmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-270/2019-013 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə görə, iddiaçı Tələbkar ASC-nin cavabdehlər “xxxxxxxx” MMC-yə, X3, X5 və X6 qarşı cavabdeh “xxxxxxxx” MMC-dən əsas borcun, faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həlli üçün ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilən rüsum məbləğinin və sənədlərin təsdiq edilməsi üçün ödənilən pulun tutulub Tələbkar ASC-nin xeyrinə ödənilməsi, ödəmənin “xxxxxxxx” MMC ilə bank arasında bağlanmış “Kredit müqaviləsinin” təminatı qismində banka ipotekaya qoyulmuş cavabdehlər X3, X5, X6 məxsus əmlaka yönəldilməsi barədə iddia ərizəsini təmin edib icraya yönəltmişdir. O, ünvan 1 saylı ünvanda özünün xüsusi mülkiyyətində olan əmlakı “xxxxxxxx” MMC ilə bank arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. O, yalnız ipoteka ilə yüklü edilən əmlaka görə məsuliyyət daşıya bilər. Onun mülkiyyətində olan digər əmlak üzərinə həbs qoyula bilməz. Göstərilənləri nəzərə alaraq, şikayətdə icraata başlamaq haqqında Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimovun xx xxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-218/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-270/2019-013 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Xətai rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Rəhimov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Bundan sonra X1 həmin qərardaddan şikayət verərək göstərmişdir ki, tətbiq edilməli olan qanun normaları hakim tərəfindən tətbiq edilməmiş, tətbiq edilməli olmayan normalar tətbiq edilmiş, hərtərəfli, tam və obyektiv faktlar əsasında məhkəmə araşdırması aparılmamışdır. Könüllü öz əmlakını ipoteka ilə yüklü etdirən, onun icra məmuru tərəfindən ipoteka ilə yüklü edilən əmlakdan başqa, onun digər əmlakının siyahıya alınması, üzərinə həbs qoyulması özbaşınalıqdır. Göstərilənlərə əsasən borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-218/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının və Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarın ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-218/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və iş materialları baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-270/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxxxxxx” MMC-dən xx xxxx 2013-cü il tarixli, 45HS nömrəli kredit müqaviləsi üzrə 1999666.88 manat əsas, 549904.23 manat faiz borcu, xx xxx 2013-cü il tarixli, 47HS nömrəli kredit müqaviləsi üzrə 999999.90 manat əsas, 287499.97 manat faiz borcu və xx xxxx 2013-cü il tarixli, 48HS nömrəli kredit müqaviləsi üzrə 1999700.03 manat əsas və 563213.76 manat faiz borcu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 2.010 manat və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 1.498 manat rüsum məbləğlərinin iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin X2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X12 küçəsi 2c ünvanda istifadədə olan 0.37905 ha torpaq sahəsində yerləşən, 4469.1 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlak kompleksinin ilkin satış qiyməti 12.510.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh “xxxxxxxx” MMC-nin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdeh X4 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması qət edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra onun icrası ilə bağlı icra vərəqəsi Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin şöbənin icra məmuru Tural Rəhimov tərəfindən xx xxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğv olunması üçün əsas deyildir. Belə ki, Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarın məzmunundan göründüyü kimi, həmin qərar məhkəmənin yekun qərarının icrası məqsədi ilə, MPM-nin və «İcra Haqqında» AR Qanununun tələblərinə uyğun olaraq qəbul edilmişdir. Həmin qərar qəbul edilərkən icra məmuru tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Şikayətçi bildirmişdir ki, o, yalnız ipoteka ilə yüklü edilən əmlaka görə məsuliyyət daşıya bilər. Onun mülkiyyətində olan digər əmlak üzərinə həbs qoyula bilməz. Bununla bağlı kollegiya qeyd edir ki, icraata başlamaq haqqında qərarda borclu şəxsin hər hansı əmlakının üzərinə həbs qoyulması məsələsi həll edilməmişdir. Belə olan halda, borclu şəxs hələ mövcud olmayan əsasla icra məmurunun qanuni və əsaslı qərarının ləğv edilməsini tələb etməklə haqlı olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234, 397, 398.0.1, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-218/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar