Məhkəmə qərarları › İş №8(103)-456/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-456/2021

30.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-456/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4182/2017 saylı 28.07.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatına baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 8(005)-415/2021 saylı qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4182/2017 nömrəli 28.07.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4182/2017 nömrəli 28.07.2017-ci il tarixli icra sənədinə əsasən borclu X4, X5, X1 və X3 müştərək qaydada cəmi 8318,52 manat borc və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına 02.10.2017-ci il tarixində daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya poçt vasitəsi ilə göndərilmişdir. Borclu X4 tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən borclu X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 8(005)- 415/2021 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan tələbkar tərəfindən verilmiş şikayət təmin olunmayaraq, məhkəmənin 06.08.2021-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin müvafiq qərarına görə əmlak yaşayış sahəsindən ibarət olduğu və başqa yaşayış yeri olmadığı halda həbs qoyula bilməz, lakin məhkəmə Borclu Tovuz rayonu, Bayramlı kəndində yaşamasını, eləcə də, sonuncuya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən əmlakın torpaq sahəsindən ibarət olduğunu nəzərə almamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarına istinad edərək, təqdimatın təmin edilməməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, təqdimata əlavə edilmiş sənədlərdən Borclu adına Bakı şəhəri, Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ sahəsindən əlavə Azərbaycan Respublikası üzrə dövlət reyestrində qeydiyyatdan keçmiş başqa yaşayış sahəsinin olduğu müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”ndan görünür ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən qeyd olunan əmlaklara tələbin yönəldilməsinə yol verilmir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti yalnışdır. “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan borclu X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir, torpağın məqsədli istifadə növü kimi bağ sahəsi olduğu göstərilmişdir. Belə olan halda məhkəmənin borclunun həmin bağ sahəsindən əlavə başqa yaşayış sahəsinin olmamasına istinad etməsi əsassızdır. Bundan başqa “icra sənədinin könüllü icrası barədə” bildirişdə borclunun ünvanı ünvan 3də 14.07.2021-ci il tarixli məktubda borclunun ünvanı ünvan 4clunun ünvanı ünvan 5ayətində borclunun Tovuz rayonu, Bayramlı kəndində yaşamasını qeyd etmişdir. Məhkəmə tərəfindən qeyd olunan hallar ətraflı araşdırılmadan təqdimatın təmin edilməməsi qənaətinə gəlinmişdir. Odur ki, Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və sadalanan hallar araşdırılmaqla təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 8(005)- 415/2021 saylı qərardadı ləğv edilsin və Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatına yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar