Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-456/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(006)-267/2024 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli qərardaddan iş üzrə borclu X2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X4 ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 2(006)-366/2024 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin hissəhissə icra edilməsi (ayda 250 manat ödəmək şərti ilə) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə əsasında borcludan (mülki iş üzrə cavabdehdən) tələbkar (mülki iş üzrə iddiaçı) ləğv prosesində olan Tələbkar ASCnin xeyrinə ümumilikdə 26.354,04 manat məbləğində pul tutulmalıdır. Hazırda borclu işsizdir və onun maddi imkanı çox pisdir. Borclu həmin məbləği bir dəfəyə tələbkara ödəyə bilmir. Borclu qətnaməni hissə-hissə, yəni ayda tələbkara 250 manat ödəməklə icra edə bilər. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizəni təmin etməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamə icra edilmir. Borclunun təklif etdiyi qaydada da qətnamənin icrası uzun müddət ərzində davam edəcək, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ” pozulacaq. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-366/2024 saylı mülki iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən borcludan (mülki iş üzrə cavabdehdən) tələbkar (mülki iş üzrə iddiaçı) ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə ümumilikdə 26.354,04 manat məbləğində pul tutulmalıdır. Borclu ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirir ki, o hazırda işləmir, onun maddi imkanı pisdir, buna görə də, o, həmin məbləği bir dəfəyə tələbkara ödəyə bilmir. Buna görə də təklif edir ki, o həmin qətnaməni hissə-hissə, yəni ayda tələbkara 250 manat ödəməklə icra etsin. Bununla bağlı Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Borclunun ərizəsində qeyd edilmiş təklifdən işin hallarına yanaşdıqda müəyyən edilir ki, borclunun ərizəsi təmin olunarsa tələbkara münasibətdə qətnamə təxminən 105 ay ərzində icra olunacaqdır. Qətnamənin bu qaydada icra edilməsi tələbkarın mənafeyinin pozulması ilə nəticələnəcək, bu isə yolverilməzdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun ərizəsini və qərardaddan verilmiş şikayətini təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Barəsində şikayət verilmiş qərardadın tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu X2 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-456/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-456/2024
20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver