Məhkəmə qərarları › İş №8(103)-457/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-457/2020

02.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-457/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-151/2013 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Borclu 26400 (iyirmi altı min dörd yüz) manatın Tələbkar xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada icraya yönəldilmiş, daha sonra icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, aparılmış icra tədbirləri nəticəsində Borclu məxsus avtomobillər aşkar edilmişdir. İcra sənədinin icrası ilə bağlı Borclu məxsus “VAZ 2106” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı, “BMW 318” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı, “BMW 520” markalı ** RE *** dövlət qeydiyyat nişanlı, “Mercedes 220D” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-151/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Borclu məxsus “VAZ 2106” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı, “BMW 318” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı, “BMW 520” markalı ** RE *** dövlət qeydiyyat nişanlı, “Mercedes 220D” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Bundan sonra Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, “BMW 318” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş, ərizəsini həmin avtomobili Borclu etibarnamə əsasında alması və 2009-cu il tarixdən onun faktiki istifadəsində olması ilə əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-151/2013 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ərizə təmin edilməmişdir. Bundan sonra Maraqlı şəxs həmin qərardaddan şikayət vermiş, şikayətini həbsin götürülməsi barədə ərizəsinin məzmununa uyğun əsaslandırmış, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərəkbaxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazimi qaydada məlumatlandırılmış tələbkar, borclu, maraqlı şəxs, həmçinin icra orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, “BMW 318” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilicra işi üzrə borclu olan Borclu mülkiyyətindədir və onun adından Maraqlı şəxs həmin avtomobilə dair etibarnamə verilmişdir. Aşağıda şərh olunanlara əsasən kollegiya, Maraqlı şəxs həmin etibarnamə əsasında sözügedən avtomobilə sahib olmasının hüquqi nəticələri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni hesab edir. Belə ki, Mülki Məcəllənin 181.1 və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2007-ci il tarixli fərmanı ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” təsdiq edilmişdir. Buna görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutmaqla hesab edir ki, avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan onun alqı-satqısına dair müqavilələr notariat qaydasında bağlanılmalıdır. Mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi isə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Həmin etibarnamə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi yalnız özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir. Beləliklə, avtomobilin üzərinə həbs qoyulması nəticəsində bir qayda olaraq mülkiyyətçinin hüquqlarının pozulmasından söz edilə bilər. Maraqlı şəxsə münasibətdə isə yalnız etibarnamə ilə mülkiyyətçi tərəfindən ona verilmiş sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması mümkündür ki, kollegiyanın qənaətinə görə iş üzrə belə məhdudlaşdırma da mövcud deyildir. Belə ki, işin hallarından da müəyyən olunduğu kimi, məhkəmə yalnız avtomobilin üzərinə həbs qoyulması məzmununda qərardad çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-151/2013 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar