Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-457/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(011)-568/2021 №-li iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyul 2021-ci il tarixli qərardaddan iş üzrə Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, həmin Məhkəmənin 2(011)-223/2020 saylı, 13.08.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin 05.07.2021-ci il tarixli qərarının əsassız hesab edilib ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi 16.12.2019-cu il tarixli qərardadı ilə ərizəni təmin etmişdir. Həmin qərardaddan borclu "xxxx" MMC Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsi və tələbkarın ərizəsinin təmin edilməməsini xahiş etmişdir. MMC-nin şikayətinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməsini, icra məmurunun 05.07.2021-ci il tarixli qərarının ləğv edilməsini və icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədinin İcra Şöbəsinə qaytarılmasını qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və icra məmurunun 05.07.2021-ci il tarixli qərarından tələbkar S.Xanzadəyevanın verdiyi ərizənin rədd edilməsini xahiş etmişdir. Borclunun şikayətinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.08.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-223/2020 saylı iş üzrə qəbul etdiyi 13.08.2020-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, uşaq – 30.12.2007-ci il tarixli X8 atası Borclu alınaraq anası X3 verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında icra sənədi tərtib edilmiş və icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra Şöbəsinin böyük icra məmuru Cəmil Tağıyev 03.07.2021-ci il tarixdə uşağı borcludan alaraq tələbkara təhvil vermişdir. Bununla bağlı olaraq icra məmuru iş üzrə tərəflərin iştirakı ilə müvafiq akt tərtib etmişdir. Bunları nəzərə almış icra məmuru 05.07.2021-ci il tarixdə qəbul etdiyi qərarla icra sənədi üzrə icraata xitam verilməsini qərara almışdır. Növbəti – 06.07.2021-ci il tarixdə tələbkar həmin qərardadın ləğv edilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Tələbkarın müraciəti onunla əsaslandırılmışdır ki, icra sənədi icra edildikdən sonra borclu uşağı qaçırtmışdır. Rayon Məhkəməsi tələbkarın müraciətini əsaslı sayaraq icra məmurunun qərarını ləğv etmişdir. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan borclu bildirir ki, o uşağı qaçırtmamış, uşaq özü tələbkarın yanından qaçaraq onun yanına gəlmişdir. Uşaq tələbkarın yanında qalmaq istəmir. Mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Qanunun 20.2-ci maddəsinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Qanunun 20.5-ci maddəsinə görə, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunun 20.6-cı maddəsinə görə, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. İşin hallarından görünür ki, məhkəmənin qətnaməsi əsasında verilmiş icra sənədi icra edilmiş, uşaq borcludan (atasından) alınaraq tələbkara (anasına) verilsə də, lakin növbəti tarixdə vəziyyət dəyişmiş, uşaq borclunun yanına qayıtmışdır. Uşağın borclunun yanında qalmasının hüquqi əsası olmadığından və qeyd edilən vəziyyət “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardad qəbul edildikdən dərhal sonra baş verdiyindən Məhkəmə “İcra haqqında” Qanununun 20-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Borclunun qərardaddan verdiyi şikayətdə göstərdiyi - uşağın tələbkarın yanında qalmaq istəməməsi barədə dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, əgər belə hal mövcuddursa, onda hazırki iş üzrə borclu, bir valideyn olaraq, övladının maraqları baxımından, hazırki iş üzrə tələbkara qarşı “uşaq tələbi barədə” iddia ilə müvafiq məhkəməyə müraciət edə bilər. Beləliklə, Məhkəmə hesab edir ki, borclunun şikayəti əsassızdır; Rayon Məhkəməsinin mövqeyi qanuni, əsaslı və işin müəyyən edilmiş hallarına uyğundur; barəsində şikayət verilmiş qərardadı ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyul 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-457/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-457/2021
03.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver