Məhkəmə qərarları › İş №8(103)-460/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-460/2020

04.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-460/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu ləğv prosesində olan “xxxxxxxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu LPO “xxxxxxxxx” ASC, şikayət ərizəsi verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3725/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mehdi Zeynalovun xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilərək, icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət rədd edilmişdir. LPO “xxxxxxxxx” ASC, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, icra məmurunun qərarı qanunsuz və əsassız olmaqla “xxxxxxxxx” ASC-nin qanuni maraq və mənafelərinə ziddir. Kredit müqaviləsi üzrə öhdəlik bu günədək bank qarşısında yerinə yetirilməmişdir. Həmçinin, iflas proseduru çərçivəsində ləğvetmədə olan “xxxxxxxxx” ASC-nin kreditor tələbləri “Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq qeydə alınmış kreditorları qarşısında öhdəliklərini yerinə yetirməsinin təmin edilməsi debitor borcların vaxtında geri qaytarılmasının təmin edilməsindən asılıdır. Həmin Qanunun 72-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qanuni qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür, girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində Qanunun 81-ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır. “İcra haqqında” Qaunun 17.1.1-ci maddəsinə əsasən, borclunun iflası barədə məhkəmə icraatına başlanıldıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Nəsimi Rayon Məhkəməsi, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci intansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanununun 8.1-ci, 8.2-ci və 8.3-cü maddələrinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Hazırkı işdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3725/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Tələbkar ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 68 saylı kredit müqaviləsinə əsasən hesablanmış 877,06 manat əsas, 1313,64 manat faiz borcu, 1241,47 manat dəbbə pulu olmaqla, cəmi 3497,47 manat borc məbləği cavabdeh “xxxxxxxxx” ASC-nin ləvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıTələbkar hesabından silinməlidir. İcra sənədi icra olunması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin şöbənin böyük icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və qərar həmin tarixdə borclu “xxxxxxxxx” ASC-nin ləvedicisi Əmanətlərin Sığortalanması Fonduna tələbin könüllü icrası haqqında bildirişlə birlikdə göndərilmişdir. Göründüyü kimi, Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx xxxxxxxx 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarı və onun əsasında aparılan icra tədbirləri qanunvericiliyə uyğun həyata keçirilmişdir. Borclu LPO “xxxxxxxxx” ASC, həmin qərarın ləğv edilməsi əsası kimi “İcra haqqında” Qaunun 17.1.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi, bu norma artıq başlanılmış icra icraatın qeyd olunan əsaslar mövcud olduqda məcburi qaydada dayandırılması üçün əsas olmaqla, icra məmurunun qanunvericiliyə uyğun olaraq qəbul etdiyi icraata başlamaq haqqında qərarın ləğvi üçün əsas təşkil etmir. İcra sənədi üzrə icraatın dayandırılması məsələsinə gəldikdə isə, Kollegiya bildirir ki, qanunun mənasına görə, borclunun iflası barədə məhkəmə icraatı icra sənədi üzrə icraatdan sonra başlandıqda, icra icraatı dayandırılmalılır. Baxılan işdən isə görünür ki, icra sənədinin verilməsinə əsas olmuş qətnamə qəbul edilərkən “xxxxxxxxx” ASC artıq ləğv prosesində olmuş və icra sənədi üzrə borclu qismində məhz “xxxxxxxxx” ASC-nin ləvedicisi Əmanətlərin Sığortalanması Fondu qeyd olunmuşdur. Bankın digər dəlilləri isə (kredit öhdəliyinin icra edilməməsi, “Banklar haqqında” Qanun 72-ci maddəsinin tələblərinəəməl edilməməsi) məhkəmə icraatı mərhələsində həll edilməli məsələlər olmaqla, hazırkı şikayətin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Kollegiya, həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan “xxxxxxxxx” ASC -nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-133/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar