Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-460/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, X2 tərəfindən Səbail rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun icra sənədi üzrə icraata başlamaq haqqında 23.04.2021-ci il tarixli qərarından verilmiş şikayətə baxılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 8(009)- 174/2021 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra şöbəsinin icraata başlamaq haqqında 23.04.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bankın məktubuna əsasən icra sənədi məhkəməyə geri qaytarılmışdır, tərəfindən bu günə qədər banka 28887,57 manat pul ödənilmişdir. 2020-ci il may ayından sonra COVİD-19 xəstəliyi ilə əlaqədar iş yerləri bağlı olmuş, 2021-ci lin aprel ayından tərəfindən ödənişlər davam etdirilir. Buna baxmayaraq icra məmuru icraata başlamaq haqqında 23.04.2021-ci il tarixli qərar qəbul etmiş və hərracın keçirilməsi vaxtı müəyyən edilmişdir. Ödədiyi 28887,57 manat məbləğinə pul vəsaiti icraata başlamaq haqqında qərarda öz əksini tapmamışdır və icra məmuru hərrac təyin etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 8(009)-174/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Həmin qərardaddan borclu tərəfdən verilmiş şikayət məhkəmənin 27 iyul 2021-ci il tarixli 8(009)-174/2021 il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan tələbkar "xxxx" ASC tərəfindən icra şöbəsinə ünvanlanmış 01.03.2019-cu il tarixli 720/B nömrəli məktubda Səbail Rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən başlanılmış icra işi üzrə borclular X5, X3 və X4 tərəfindən ödənilməli olan borc barəsində cavabdeh tərəflərlə razılığa gəlindiyi bildirilərək, “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılması xahiş edilmişdir. Səbail rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun 23.04.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-582/2017 saylı 08.05.2017-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya təklif edilmişdir ki, icra sənədinin icrasını təmin etsin. Bu barədə borcluya tələbin könüllü icrası haqqında 23.04.2021-ci il tarixli bildiriş göndərilmişdir. “X1 Mərkəzi” MMC-nin 27.05.2021-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişdən görünür ki, hərrac təyin edilmişdir. “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsi əsasında tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Tələbkar icra sənədinin məhkəməyə qaytarılması barədə ərizə ilə müraciət etmiş olsa da, iş materiallarından qeyd olunan normanın tələbinə əsasən icra sənədinin tələbkarın ərizəsi əsasında məhkəməyə geri qaytarılılıb-qaytarılmadığı müəyyən edilmir. Birinci instansiya məhkəməsində iştirak edən icra məmuru tələbkarın icra sənədinin yenidən icraya göndərilməsi barədə ərizə ilə müraciət etdiyini və bundan sonra icraata başlamaq haqqında qərar qəbul etdiyini bildirmişdir. Qanunun tələbindən göründüyü kimi, icra sənədi tələbkarın ərizəsinə əsasən məhkəməyə geri qaytarılmalı olduğundan, tələbkar icra sənəndinin yenidən icraya yönəldilməsi ilə bağlı icra orqanına yox, müvafiq məhkəməyə müraciət etməli və bundan sonra məhkəmə tərəfindən icra sənədinin yenidən icraya yönəldilməsi məsələsinə baxılıb müvafiq nəticəyə gəlinməlidir. Kollegiya qeyd edir ki, icra sənədi tələbkarın ərizəsi əsasında qanunun tələbinə görə məhkəməyə geri qaytarılmalı olduğu halda, bu hal müəyyən edilməmiş, məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılmadan ərizənin rədd edilməsi qənaətinə gəlinmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan hallar nəzərə alınaraq, şikayətə yenidən baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 8(009)-174/2021 saylı qərardadı ləğv edilsin və X2 tərəfindən Səbail rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun icra sənədi üzrə icraata başlamaq haqqında 23.04.2021-ci il tarixli qərarından verilmiş şikayətə yenidən baxılması üçün iş Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-460/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-460/2021
31.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver