Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-461/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Ərizəçi (tələbkar) X4 və onun nümayəndəsi X8, Maraqlı şəxs «xxxxxxxxx» ASC-nin nümayəndəsi (vəkili) X5 iştirakı ilə, X1 «icra məmurunun hərəkətsizliyi» barədə şikayət ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(005)-397/2020 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, borclu «Mars-M» firmasına məxsus və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulub xx.xx.2019-cu ildə 211000 manat dəyərində qiymətləndiriİmiş (Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, 10 ədəd HANGHZOU şirkətinin istehsalı olan ekskalator və 1 ədəd JTALİAR lift) daşınar əmlakın onlara təklif olunmaqla, ondan imtina edildiyi halda 3 ay ərzində satışa çıxarılıb satılması vəzifəsinin Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinovun üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş və icrası Bakı şəhər Nərimanov rayon İcra və probasiya şöbəsinə həvalə edilmiş xx.xx.2018-ci il tarixli, 2(103)-6787/2018 saylı icra sənədinə əsasən borclu «Mars-M» firmasından 328500 (üç yüz iyirmi səkkiz min beş yüz) manat dəyərində pul məbləği onun xeyrinə tutulmalıdır. Bundan əvvəl Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə «Mars-M» firmasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m-dən ibarət 5 mərtəbəli hüquqların qabaqcadan qeydiyyatına əsasən xx.xx.2010-cu ildə 11 10093638 nömrə altında qeydiyyata alınmış və xx xxxxxx 2013-cü il tarixli müqaviləyə əsasən tərəfindən dəyəri ödənilmiş daşınmaz əmlakın 69 kv.m sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhər Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraat başlanaraq borcluya qanunvericiliyin tələbinə görə könüllü icra üçün 10 gün müddət verilmiş, bu müddət ərzində icra edilmədikdə isə borclu barədə məcburi icra tədbirlərinin görülməsi, o cümlədən borclunun əmlakının siyahıya alınaraq üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərar tərəf kimi onlara yalnız 15.012018-ci il tarixdə təqdim edilmişdir. Qərarın qəbul etmə vaxtından 2 ildən çox müddət keçməsinə baxmayaraq tələb borclu tərəfindən könüllü icra edilməmiş və icra işi üzrə də heç bir məcburi icra tədbirləri 1 il 6 ay ərzində həyata keçirilməmişdir. Dəfələrlə Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinovun və rəisi Zaur Abdullayevin yanında olub onlardan icra işi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin edilməsini xahiş etsə də, onlar hər dəfə ona bunu edəcəkləri barədə vədlər verib, lakin bu günə kimi heç bir tədbir görməmişlər. Bundan əlavə borclu «Mars-M» firmasına qarşı 122752 manat borc tələbinə dair digər tələbkar Aysel Ələkbərovanın işi ilə bağlı borclunun bir neçə daşınar əmlakı (Çin istehsalı olan CTNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, 10 ədəd HANGHZOU şirkətinin istehsalı olan ekskalator və 1 ədəd JİALİAR lifti) aşkar olunaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulub xx.xx.2019-cu ildə 211000 manat dəyərində qiymətləndirilsə də, qanuna əsasən nə tələbkarlara təklif edilməmiş, nə də ki satılmamışdır. Göründüyü kimi icra məmuru Qanunun 53-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq «Mars-M» firmasına məxsus üzərilərinə həbs qoyulmuş nə 69 kv.m sahədən ibarət daşınmaz əmlakı, nə də ki borcluya məxsus yuxarıda qeyd edilən daşınar əmlakları indiyə qədər bir tələbkar kimi ona təklif etməmiş və ya satışa çıxarmamışdır. Halbuki, bu onun qanunvericilikdə nəzərdə tutulan birbaşa vəzifəsidir. İcraçının qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə müraciət edilsə də, müsbət bir nəticəsi olmamışdır. Bundan sonra icraçı V.Şirinovun xx.xx.2020-ci il tarixli qərarı ilə borclu «Mars- M» firmasına qarşı olan bir neçə tələbkarın, o cümlədən də onların işi bir icraatda birləşdirilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(005)-397/2020 saylı qərardadı ilə (hakim Kəmalə Əmirxanova) şikayət təmin edilməmişdir. Qərardaddan narazı olan ərizəçi ondan şikayət verilmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – qərardaddın əsassız olması, prosessual hüquq normalarının pozulması, tələbkar kimi hüquqlarının pozulması, tam və hərtərəfli araşdırmanın aparılmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar,prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən ərizəçi (tələbkar) tərəf şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi şikayətə etiraz etmiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib,şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli,birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli,iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki,Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquqvə azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlarda nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X14 Məhkəməsi «X6rşı» (21fevral 1975,35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu,yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı.Əgər məhkəmə prosesi yoxdursa,o halda məhkəmə prosesinə xas olan ədalətlilik,açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İşdə olan Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(103)-6787/2018 saylı icra sənədinə əsasən cavabdeh «Mars-M» firmasından 328500 manat pul vəsaiti tutularaq iddiaçı X4 xeyrinə verilməlidir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6787/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan bildirişdən görünür ki, borclu «MARS-M» firmasına tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)490/2019 saylı qərardaddan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli borclu «Mars-M» firmasına məxsus Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, 10 ədəd HANGHZOU şirkətinin istehsalı olan ekskalator və 1 ədəd JTALİAR liftin üzərinə həbs qoyulmuşdur. İşdə olan «xxxxx» MMC-nin avadanlıqların qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, «Mars-M» firmasına məxsus avadanlıqların bazar dəyəri 211000 manat məbləğində müəyyən edilmişdir. X2 məhkəmə qərarının icrası sahəsində icra məmurunun hərəkətsizliyindən şikayət vermişdir. Birinci instansiya məhkəməsi şikayəti rədd edərkən göstərmişdir ki, məhkəmə qərarının icrası sahəsində üzərinə həbs qoyulmuş, borcluya məxsus daşınar əmlak (Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, 10 ədəd HANGHZOU şirkətinin istehsalı olan ekskalator və 1 ədəd JTALİAR lift) «xxxxxxxxx» ASC-yə məxsus Səməd Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri yaşayış sahəsinin ümumi tərkib hissəsidir, bu səbəbdən tərəlbkarın Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 hərəkətsizliyindən verdiyi şikayət təmin edilməməlidir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində məhkəmə tərəfindən borclu «Mars-M» firmasına məxsus daşınar əşyaların (Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparat, 10 ədəd HANGHZOU şirkətinin istehsalı olan ekskalator və 1 ədəd JTALİAR lift) üzərinə həbs qoyulmuş, həmin əşyalar müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. «İcra haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Birinci instansiya məhkəməsi üzərinə həbs qoyulmuş həmin əşyaların maraqlı şəxs «xxxxxxxxx» ASC-nin (digər məhkəmə qərarı üzrə tələbkar) mülkiyyətində olan daşınmaz əmlakın tərkib hissəsi olması, bu səbəbdən də icra hərəkətlərinin mümkün olmaması ilə bağlı gəldiyi mövqeyini sübutlara istinad etməklə əsaslandırmamışdır. Ümumiyyətlə, birinci instansiya məhkəməsinin hansı sübuta əsasən belə nəticəyə gəlməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır (qərardad bu istiqamətdə ümumiyyətlə əsaslandırılmamışdır). Bununla yanaşı, işdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının (borclu «Mars-M» firmasına məxsus daşınar əşyalarını üzərinə həbs qoyulması barədə) ləğv olunması barədə də hər hansı məlumat yoxdur. Həmçinin, işdə icranın obyektiv səbəblərdən mümkün olmaması barədə icra məmurunun hər hansı qərarı da mövcud deyildir. Birinci instansiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə qərarının icra olunmamasının səbəblərini (icra məmurunun hərəkətsizliyinin) ümumiyyətlə araşdırmamış, tələbkarın dəlillərinə tam və hərtərəfli hüquqi qiymət verməmişdir. Qeyd edilməlidir ki, məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X14 Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli,iş yenidən baxılması üçün göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 «Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 hərəkətsizliyi» barədə şikayət ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(005)-397/2020 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(005)-397/2020 saylı qərardadı ləğv edilsin,iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-461/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-461/2020
03.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver