Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-461/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 icra məmurunun qərarından şikayətinə dair iş üzrə (Açar sözlər: icra sənədi üzrə icraata xitam verilməsi əsasları) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 8(006)- 306/2024 saylı qərardadından Borclu MTK tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın 56 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının tam ödənilməsi barədə arayışın X4 təqdim edilməsi öhdəliyi Borclu MTK-nın üzərinə qoyulmuş, Borclu MTK-dan X3 xeyrinə 100 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir.
2. İcra məmurunun xx.xx.2024-cü il tarixli qərarı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır.
3. X2 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin yenidən Nəsimi rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir
4. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Borclu MTK-nın rəhbəri bilə-bilə, qərəzli olaraq icra məmuruna təhrif olunmuş maliyyə arayışı və ümumi yığıncağın protokolunu təhvil vermişdir. Tələbkarın nümayəndəsi də xx.xx.2024-cü il tarixli həmin sənədlərlə yerində tanış ola bilmədən, onları təhvil almışdır. Lakin ödənilməli olan dövlət rüsumunun əvəzi də ödənilməmişdir. Rüsum 7 ay sonra İcra şöbəsinin hesabından xx.xx.2024-cü il tarixdə tələbkarın hesabına köçürülmüşdür. Tələbkarın nümayəndəsi etirazlarını bildirərək, sənədləri icra məmuruna geri qaytarmışdır. Maliyyə arayışında 510 manat pay haqqı borcunun ödənilmədiyi qeyd edilmişdir. Həmin mənzilin hüquqları tələbin güzəşt olunması əsasında tələbkar tərəfindən əldə edilmişdir. Məhz buna görə borclu tərəfindən tələbkara xx.xx.2019-cu il tarixli həqiqi protokol verilmişdir. Deməli, icra məmuruna xx.xx.2024-cü il tarixli saxta protokol təqdim edilmişdir. Halbuki, qətnamədə hər şey araşdırılmış və yekun qərar qəbul edilmişdir. Beləliklə, açıq-aşkar görünür ki, borclu bilə-bilə qanunsuz və təhrif olunmuş maliyyə arayışı və protokol tərtib etmişdir. Burada növbəti süründürməçilik və maneə oyunbazlığı davam etdirilərək, qərəzli olaraq tələbkara maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən tələbkara təkrarən imtina məktubları göndərilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 8(006)- 306/2024 saylı qərardadı ilə şikayət təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın 56 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının tam ödənilməsi barədə arayışın X4 təqdim edilməsi öhdəliyinin Borclu MTK-nın üzərinə qoyulması, Borclu MTKdan X3 xeyrinə 100 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Həmin qərardad əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, könüllü icra üçün nəzərdə tutulan müddət ərzində icra sənədinin icrası təmin edilməmişdir. Lakin xx.xx.2024-cü il tarixli qərarla icra sənədi üzrə icraata o əsasla xitam verilmişdir ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən icra olunaraq, MTK üzvlərinin ümumi yığıncağının qərarını və maliyyə arayışını təqdim edilmiş və şöbənin depozit hesabına ödənilmiş 100 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdə tələbkarın bank hesabına ödənilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktında pay haqqının tam ödənilməsi barədə arayışın verilməsi qət edilsə də, icra məmurunun istinad etdiyi maliyyə arayışında 510 manat pay haqqının ödənilmədiyi qeyd edilmişdir. Deməli, icra sənədi üzrə borclu icra sənədində göstərilən tələbi təmin etməmiş, buna görə də icraata xitam verilməsinə əsas olmamışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Borclu MTK həmin qərardaddan şikayət verərək, Nəsimi rayon Məhkəməsinin Nəsimi Rayon Məhkəməsinin 8(006)-306/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, şikayətin təmin edilməməsi və Nəsimi rayon Məhkəməsinin 2(006)-469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın dəyişdirilmədən saxlanması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev tərəfindən verilmiş icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)- 469/2023 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə borclu şəxs olduqları icra işi üzrə icraata icra sənədində göstərilən vəzifələri yerinə yetirdikləri üçün xitam verilmişdir. Həmin qərardan X2 şikayət vermiş və Nəsimi rayon Məhkəməsinin 8(006)-306/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı ilə tələbkarın şikayəti təmin olunaraq Nəsimi rayon Məhkəməsinin 2(006)-469/2023 nömrəli, 10.08. 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Nəsimi rayon icra məmuru Cəlaləddin Əliyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş və həmin icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün İcra şöbəsinə qaytarılması qərara alınmışdır. Nəsimi rayon Məhkəməsinin bu qərarı qanuni və əsaslı olmadığından ləğv edilməlidir. Belə ki, Nəsimi rayon icra məmurunun icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında da göstərildiyi kimi, borclu tərəfindən Nəsimi rayon Məhkəməsinin 2(006)- 469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən və tələbkara verilməli olan sənədlər ona təqdim olunduğundan və şöbənin depozit hesabına ödənilmiş 100 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdə tələbkarın bank hesabına ödənildiyindən icra sənədinə xitam verilmişdir. Məhz sözügedən icra sənədində göstərilən sənədlərin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə İcra məmuru tərəfindən Borclu MTK barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə tərtib olunmuş inzibati xəta haqqında protokola Nəsimi rayon Məhkəməsində baxılmış və Nəsimi rayon Məhkəməsinin 3(006)-1682/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan tələbkar apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmamış, Nəsimi rayon Məhkəməsinin icraata xitam verilməsi haqqında həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhz artıq çoxdan qanuni qüvvəsini almış həmin məhkəmə qərarları ilə də tam şəkildə müəyyən olunmuşdur ki, həqiqətən də icra sənədində göstərilən sənədlər borclu tərəfindən tələbkara təqdim edilərək xx.xx.2024-cü il tarixdə tələbkarın nümayəndəsi X15 tərəfindən şəxsən imza edilməklə ona təhvil verilmişdir. Odur ki, Borclu MTK tərəfindən icra sənədi tam icra olunduğundan, icra məmuru tam qanuni olaraq icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli ilə X6 tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
11. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
12. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
13. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
14. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.
15. 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir.
16. 20.2-ci maddəsinə görə isə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
17. 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.
18. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.
19. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir.
22. Bunu nəzərə alan birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə mübahisəli qərarın icra qanunvericiliyinə uyğun çıxarılıbçıxarılmadığını araşdıraraq belə qənaətə gəlmişdir ki, icra sənədi üzrə icra hərəkətlərinin icra edilməsi həvalə edilmiş icra məmuru tərəfindən müvafiq qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmamış, icra icraatına “İcra haqqında” Qanunun 20.1.4cü maddəsinə əsasən xitam verilərkən düzgün nəticəyə gəlməsi üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, belə olan halda icraata xitam verilməsi barədə icra məmurunun qərarı qanunsuz olması əsası ilə ləğv edilməli, icra tədbirləri davam etdirilməlidir.
23. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-469/2023 nömrəli mülki işin predmeti tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn öhdəliklərin iddiaçı tərəfindən lazımi qaydada icra edilib-edilməməsinin müəyyən edilməsi olmuşdur. Mülki işin araşdırmasını həyata keçirən məhkəmə iddiaçının cavabdeh qarşısında hər hansı icra edilməmiş öhdəliyinin qalmadığı qənaətinə gələrək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın 56 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən çıxarışı alması üçün tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının tam ödənilməsi barədə arayışın iddiaçıya təqdim edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Həmin mülki iş üzrə çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almış, əsasında müvafiq icra sənədi verilmişdir.
24. Hazırda borclunun istinad etdiyi dəlillərlə əlaqədar isə qeyd edilməlidir ki, 2(006)-469/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş faktlar və hüquq münasibətlərinin, qətnamə qanuni qüvvəyə mindikdən sonra Borclu MTK tərəfindən icra sənədinin icrası ilə əlaqədar aparılan icraat çərçivəsində mübahisələndirilməsi yolverilməzdir. Belə ki, istinad olunan hallar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə daxil edilə bilərdi.
25. Göründüyü kimi hazırkı halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının əsassız olması halı öz təsdiqini tapır. Belə olan halda da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 8(006)- 306/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev