Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-462/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatının təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından icra məmuru tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməli olduğunu, İcra sənədi üzrə xx xxxx 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası barədə bildiriş göndərildiyini, lakin onun icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırdığını, xx xxxxxx 2020-ci il tarixdə aliment borcunun 1190 manat təşkil etdiyini bildirmiş, buna görə də “İcra haqqında” Qanunun 84- 1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, həmin qərardaddan icra məmurunun verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İcra məmuru şikayətini belə əsaslandırmışdır ki, məhkəmə təqdimatı təmin etmədiyi zaman Borclu adına olan “Opel Vectra minik” markalı **-VZ-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş olduğuna əsaslansa da, həmin avtomobilin axtarışlarının davam etdiyini, alimentə dair icra sənədinin isə davam edən icra sənədləri kateqoriyasına aid olduğunu nəzərə almamış, hazırkı dövrədək heç bir məbləğdə aliment ödəməyən borclunun bu hərəkətini davam etdirməsinə şərait yaratmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar və borclu məhkəməyə gəlməmiş, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi isə hər hansı üzrlü səbəb göstərmədən nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İşin müəyyən olunmuş hallarına görə, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir və icra məmuru da həmin icra sənədinin icrasının təmin edilmədiyini irəli sürərək müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, icra məmurunun təqdimatı əsasında borcluya məxsus avtomobilin üzərinə həbs qoyulduğundan və avtomobilin satılması yolu ilə tələbin əmlaka yönəldilməsi imkanı olduğundan, borclunun ölkədən getməsinə məhdudiyyət qoyulmasına zərurət mövcud deyildir. Kollegiya məhkəmənin bu qənaətini əsaslı hesab etmir və övladının saxlanılması üçün ödəməli olduğu alimenti bir ilə yaxın müddətdir ödəməyən borclunun avtomobilinin üzərinə həbs qoyulmuş olmasının onun ölkədən getməsinə məhdudiyyət qoyulmasına maneə törətmədiyini vurğulayır. Xüsusilə nəzərə alınmalıdır ki, alimet öhdəliyi vaxtaşırı icra edilməli öhdəlikdir və borclunun avtomobilinin aşkar olunub-olunmayacağı, satılıbsatılmayacağı, satılacağı təqdirdə satış qiymətinin aliment borcuna kifayət edibetməyəcəyi qeyri-müəyyəndir. “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Bu səbəblə kollegiyanın qənaəti ondan ibarətdir ki, mübahisələndirilən qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə, tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq və borclunun könüllü icra üçün müəyyən olunmuş vaxtda borcunu üzrsüz səbəbdən ödəyib-ödəmədiyini aydınlaşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-425/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-462/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-462/2020
03.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver